"26 il nazir olmağın özü bir siyasi mədəniyyətsizlikdir"

Rəşid Hacılı

Media hüquqları üzrə ekspert Rəşid Hacılı Amerikanın Səsinə müsahibəsində Azərbaycan Mədəniyyət naziri Əbülfəz Qarayevin vəzifəsindən azad edilməsi və icra strukturlarında baş verən dəyişiklikləri şərh edib.

Your browser doesn’t support HTML5

"26 il nazir olmağın özü bir siyasi mədəniyyətsizlikdir"

Rəşid Hacılının sözlərinə görə, nazirin çıxması və hansısa icra başçısı dəyişilməsi Azərbaycanda baş verən normal, şəffaf siyasi prosedurun nəticəsi deyil və bu hansısa siyasi dəyişiklik, yenilənmə anlamına gəlmir.

“Azərbaycanda nazirin istefa verməsi kimi bir praktika, mədəniyyət yoxdur. Bu hökümətə və prezidentə hörmətsizlik kimi başa düşülür. Hətta nazir özü istefa vermək istəsə belə ona deyəcəklər ki, get işinlə məşğul ol, biz özümüz baxaraq. Daha sonra isə prezident özü onu işdən azad edir. Bu da prezidentin üstünlüyü kimi qəbul edilir.

26 il Azərbaycan mədəniyyətində bir qara kölgə kimi yadda qaldı.

Azərbaycanda nazirin çıxması və hansısa icra başçısı dəyişilməsi ölkədə baş verən normal, şəffaf siyasi prosedurun nəticəsi deyil. Çünki, həm əvvəlki nazir, həm də yeni gələcək nazir və məmurların şəxsi keyfiyyətində, mahiyyətinlərində, onların seçilib yerləşdirilməsi prosedurunda heç bir dəyişiklik yoxdur.”

Əbülfəz Qarayevin fəaliyyətini dəyərləndirən ekspert bildirir ki, 26 il nazir olmağın özü bir siyasi mədəniyyətsizlikdir.

“26 illik Mədəniyyət nazirinin fəaliyyətinə nəzər yetirsək görərik ki, hüç bir yenilik yoxdur. Əksinə, pisləşmə ilə bağlı isə yüzlərlə misal göstərmək olar.

Məsələn, Azərbaycanda bütün mədəniyyət sahəsində fəaliyyətlər dövlətdən asılıdır. Sovet vaxtında olduğu kimi. Bundan əlavə, kino, teatr, musiqi, kitabxana sahəsində böyük problemlər var. Bütün bu problemlərə görə də təkcə Əbülfəz Qarayev yox, siyasi hakimiyyət birbaşa məsuliyyət daşıyır.”

Mədəniyyət nazirliyinin əsas işlərində biri sadəcə rüşvət yığmaq deyil, həm də ölkədəki siyasi-sosial nəzarəti təmin etmək.

Dövlət səviyyəsində mədəniyyət nazirliyinin mövcudluğunun Sovetdən qalma bir ənənə olduğunu qeyd edən Rəşid Hacılı əlavə edir ki, dövlət bununla cəmiyyətdəki fikir və düşüncə azadlığını çərçivədə saxlamağa çalışır.

“Azərbaycan höküməti də bu ənəni davam etdirir. Hökümət çalışır ki, ölkəni tam siyasi nəzarətdə saxlasın. Yəni, heç bir aktyor, rəssam, yazıçı, rejissor hansısa bir siyasi narahatlığını ifadə edə bilməsin, hansısa siyasi-sosial məsələni qabarda, ictimai müzakirəyə çıxarda bilməsin. Bu da normal cəmiyyət üçün ayağından asılmış daş kimidir.”

Həbslərdən sonra YAP-ın atmalı olduğu addımlarla bağlı sualımızı cavablandıran cənab Hacılı bildirir ki, normal bir partiya əgər cəmiyyət qarşısında məsuliyyət daşıyırsa, məsuliyyət mədəniyyəti varsa, baş verənlərdən azacıq da olsa utanırsa onlar öz aralarında bunu çox ciddi şəkildə müzakirə etməlidir.

“Bu dəhşətli korrupsiya zənciridir. Bu zəncir niyə əmələ gəlib? Elə bir nəfəri çıxardıb, başqasını qoymaqla bu həll olunacmı? Yox. Yeni təyin olunan insanlar da YAP üzvləridir.

Xüsusən gülməli odur ki, bir adam 15 ildir icra başçısıdır, o qədər oğurluq işləri ilə məşğul olub amma hökümət indi başa düşüb ki, bunlar korrupsionermiş.

Yeni təyin olunan insanlar da YAP üzvləridir.

Rayonların idarə olunması yerli əhaliyə təhvil verilməlidir. Bütün dünyada bu belədir. Bizdə isə bu idarəçilik prezindetin əlindədir və prezident bunun vasitəsilə əslində rayonların sosial-iqtisadi inkişafını təmin etmir, rayonları siyasi idarə edir. Buna səbəb də odur ki, rayonlarda hər hansı siyasi fərqli bir şey olmasın, seçkilər nəzarətdə olsun, seçki saxtalaşdırılması rahat keçirilsin və s.”