Hillari Klinton Çinə səfər edir

  • Amerikanın səsi

ABŞ-ın dövlət katibi Hillari Klinton ev dustaqlığından qaçaraq hal-hazırda ABŞ-ın himayəsində olduğu ehtimal edilən kor çinli dissidentin taleyi haqda yüksək səviyyəli danışıqlar aparmaq üçün Çinə səfər edir. Klinton dünən axşam Vaşınqtonu tərk etməzdən əvvəl Çen Quanqçenqin məsələsi ilə bağlı fikir bildirməyib. Lakin o, müxbirlərə danışıqlar zamanı insan hüquqlarının müzakirə ediləcəyini bildirib. Dünən səhər prezident Barak Obama da dissidentlə bağlı sualları cavablandırmaqdan boyun qaçırıb. Dissidentin Pekində yerləşən ABŞ səfirliyinə qaçdığı ehtimal edilir. Şərqi Asiya üzrə yüksək rütbəli ABŞ diplomatı Kurt Kampbel bazar günü Pekinə səfər edib. Onun cümə axşamı keçiriləcək illik strateji və iqtisadi dialoqda iştirak etməzdən əvvəl Çin rəsmiləri ilə kor dissident barədə danışıqlar aparacağı gözlənilir.