AXCP-nin qərargahının sahibi: Şəxsi mülkiyyətimi sökməyə nə haqqınız var? [yenilənib] [Video]

Your browser doesn’t support HTML5

AXCP-nin qərargahını sökürlər

Martın 3-də AXCP-nin ofisində partlayış baş verib. Azər Əsgərova məxsus şəxsi mülk sökülüb.
AXCP-nin ofis kimi icarə götürdüyü şəxsi ev sökülüb. Evin sahibi Azər Əsgərov söküntü ilə əlaqədar qəti etirazını bildirib və məhkəməyə müraciət edəcəyini bildirib.

“Mənim xəbərim olmadan şəxsi mülkiyyətimi sökməyə nə haqqınız var? Yazılı qərarınız hanı, siz kimsiniz?”, deyə Əsgərov əsəbi şəkildə binanı sökən fəhlələrdən soruşub.

Əsgərov jurnalistlərə bildirib ki, partlayışdan əvvəl hədələnib. O deyib ki, Türkiyədə yaşayır və orada dəfələrlə hədələrlə qarşılaşıb.


Hədələrin arxasında nə durduğu haqqında suala cavabda o bildirib ki, bu, evi AXCP-yə icarə verdikdən sonra baş verib.

“Hakimiyyət AXCP-ni ofissiz qoymaq istəyirsə, mən yeni ev alacağam və yenə də AXCP-yə icarəyə verəcəyəm”, deyə Əsgərov bildirib.

Öz növbəsində, Nərimanov rayon icra hakimiyyəti başçısının müavini və kommunal xidmət işçiləri şəxsi evin hansı qərarla söküldüyünü izah etməyib.

***
Azərbaycan Xalq Cəbhəsinin Partiyasının mərkəzi qərargahının yerləşdiyi T.Şıxəliyev küçəsi 8 ünvanında yerləşən binanın söküntüsünə başlanıb.

AXCP-nin qərargahını sökürlər

AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib ki, hazırda Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları binanın ikinci mərtəbəsinin qapı və pəncərələrini sökərək yük avtomobillərinə yığırlar.

Binanın sahibi Azər adlı şəxs Türkiyədə yaşayır və bu saatlarda Bakıya gəlməsi gözlənilir. “Hətta evin sahibinin gəlməsini gözləməyərək tələsik söküntü işlərinə başladılar. AXCP-nin sənədləri və avadanlıqları da tam çıxarılmayıb. Biz binanın sahibinin gəlməsini gözləyirik”, o qeyd edib.

***

Martın 4-də səhər saatlarında Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları Xalq Cəbhəsi Partiyasının (AXCP) ofisinə gələrək binanın boşaldılmasını tələb ediblər.

AXCP Ali Məclisinin sədri Həsən Kərimli Amerikanın Səsinə bildirib ki, dünənki partlayışdan sonra Fövəqladə Hallar Nazirliyinin əməkdaşları binanın ətrafını lentlə mühasirəyə alıblar.

Partlayışla bağlı martın 4-də FHN-in binada araşdırma aparması gözlənilir. H.Kərimov partiyadan binanın boşaldılması tələbini əsassız sayaraq bu tələbi hakimiyyətin AXCP-yə münasibətinin göstəricisi kimi dəyərləndirib.

O, tikintilə məşğul olan müstəqil ekspertlərin binada (Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 8) baş vermiş partlayışla bağlı araşdırma apardıqlarını və əldə edilən nəticə barədə rəy verdiklərini söyləyib. H.Kərimov araşdırmanın nəticələri barədə açıqlama verməyib.

Martın 3-də AXCP-nin ofisində partlayış baş verib. Araşdırma aparan FHN nümayəndələri bunu qaz sızması ilə əlaqələndirib, AXCP isə bunun təxribat olduğunu bildirir.

***

Fövqəladə Hallar Nazirliyi AXCP-nin qərargahının yerləşdiyi binada baş verən partlayışla bağlı geniş məlumat yayıb.

Nazirliyin rəsmi saytının məlumatına görə ilkin araşdırma ilə müəyyən olunub ki, qeyri-yaşayış sahəsi binanın zirzəmi hissəsində yerləşməklə ümumi sahəsi 177.3 kv/metrdir.

Qeyri-yaşayış sahəsi əvəllər “Araz” kooperativi təmir sexinin təsisçisi Yusibov Yusib tərəfindən mənzil istismar sahəsindən icarəyə götürülüb, 2008-ci ildə isə özəlləşdiriilib.

Y.M.Yusibov aralarında bağlanmış müqavilə əsasında 2010-cu ildə qeyri-yaşayış sahəsinin 53.9 kv metr hissəsini Babayev Kamran, 70.4 kv/metr hissəsini isə Yusifov Əfəndiyə kafel və metlax üzlüklərinin saxlanması üçün, 2012-ci ildə 3 kv/m hissəsini Muradov Samirə bərbərxana, 9 kv/metr sahəni isə Qəhrəmanov Elşənə evlərin alqı -satqısı ofisi kimi icarəyə verib.

Hadisə yerinə ilkin baxış zamanı qeyri-yaşayış sahəsinin alqı-satqı ofisi kimi icarəyə götürülmüş otağın arakəsmə divarlarının dağılma və uçma əlamətlərinə əsasən partlayışın (yanğının) mənbə zonasının məhz həmin otağın içərisində yerləşməsi müəyyən edilib.

Həmin otağın içərisində qaz balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz avadanlıqlarından düzgün istismar edilməməsi nəticəsində baş verməsinə xarakterikdir.

Hazırda hadisə ilə əlaqədar araşdırma davam etdirilir.

Məlumatda binanın qəzalı vəziyyətdə olması və onun sökülməsinin vacibliyi barədə açıqlama verilmir.

Bununla belə, Nərimanov Rayon İcra Hakimiyyəti FHN-in aktına əsaslanaraq binanın qəzalı vəziyyətdə olmasını bəhanə edərək bu gün AXCP-nin öz mənzil-qərargahından köçürülməsinə başlayıb.