AXCP sədri Əli Kərimli partiyanın qərargahında baş verən partlayışla bağlı açıqlama verib.
Partiya sədri öz facebook səhifəsində partlayışın təsadüfi olmadığını bildirib.
“AXCP-nin müvəqqəti qərargahında partlayış baş verib. Əslində partlayış qərargahın altındakı zirzəmidə baş verib, amma qərargaha da ziyan dəyib. Partiyamıza qarşı son günlər daha da artan təzyiqlər, gənc cəbhəçilərin kütləvi həbsləri fonunda partlayışın təsadüfi olmadığı bilinirdi. Qərargahın sahibinin ailə üzvləri partiyamızın nümayəndələri ilə söhbətdə açıq etiraf ediblər ki, hakimiyyət onları çoxdan hədələyirmiş.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından sahibkardan tələb edirmişlər ki, qərargahı AXCP-dən geri alsın . Əks təqdirdə binada partlayış və yanğın ola biləcəyi ilə hədələyirmişlər. Bu məlumat artıq heç bir şübhə yeri qoymur ki, partlayış öz-özünə baş verməyib. Partlayışı AXCP-yə təzyiq etmək, onu yenidən qərargahsız qoymaq məqsədi ilə törədiblər. Mən Azərbaycan hökumətini məsuliyyətli olmağa, dünyada baş verənlərdən nəticə çıxarmağa, AXCP-yə qarşı təzyiqləri dayandırmağa çağırıram. AXCP-nin gücü onun qərargahında, daşda, divarda deyil. AXCP-nin gücü azadlıq, ədalət, xalqın mənafeləri uğrunda, xalqla birlikdə, səmimi və ardıcıl mübarizə aparmasındadır. Bütün maneələrə baxmayaraq mübarizəmiz davam edir", AXCP sədri bildirib.
Öz növbəsində nə fövqəladə hallar naziri, nə də hökumətin digər qurumları hələ partlayışla və ittihamlarla bağlı şərh verməyib.
***
Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kv.m olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə deyilir ki, nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kv.m sahədə uçub. Bina yanğından mühafizə olunub. Yanğın saat 04.51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bununla yanaşı, nazirlik partlayışın hansı ünvanda baş verdiyini yazmayıb. Təxmin etmək olar ki, xəbərdə AXCP-nin mərkəzi qərargahının binasından söhbət gedir. Çünki yanğının baş verdiyi zaman və rayon AXCP-nin qərargahı yerləşən əraziyə uyğun gəlir.