Avqustun 11-də səhər saatlarında Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisi möhürlənib.
Bu barədə Amerikanın Səsinə institutun hüquqşünası Günay İsmayılova müsahibəsində bildirib.
Onun sözlərinə görə prokurorluğun müstəntiqi və sahə müvəkkili birlikdə ofisə gələrək oranın boşadılmasını tələb ediblər.
“Onlar hər hansı açıqlama vermədilər və hər hansı sənəd təqdim etmədilər. Dedilər ki, istintaq bitəndən sonra möhürü açacaqlar", deyə o bildirib.
Avqustun 8-də polis və mülki geyimlilər RATİ-nin eyni ünvanda olan ofisində axtarış aparıb. Ofisdəki kompüter və sənədlər götürülüb.
RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu məlum deyil.