Jurnalist Rauf Mirqədirovun valideynlərinin evində axtarış aparıblar

Rauf Mirqədirov

Evdən istintaq üçün əhəmiyyət kəsb edən heç nə tapılmayıb
Mayın 23-də Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi “Ayna-Zerkalo” qəzetinin jurnalisti Rauf Mirqədirovun valideynlərinin mənzilində axtarış keçiriblər.

Bu barədə Amerikanın Səsinə vəkil Fuad Ağayev bildirib. Onun sözlərinə görə artıq istintaq başa çatıb.

Vəkil onu da bildirib ki, istintaq Rauf Mirqədirovun heç bir zaman yaşamadığı yerdə də axtarış aparıblar.

“Rauf Mirqədirovun atasının 84 yaşı var. Valideynləri müxtəlif xəstəliklərdən əziyyət çəkirlər” - deyə o, bildirib.

Yerli medianın yazdığına görə, axtarışı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi və üç əməliyyatçı aparıb. Axtarışa iki hal şahidi də cəlb edilib.

Proses cəmi 10 dəqiqə davam edib və evdən istintaq üçün əhəmiyyət kəsb edən heç nə tapılmayıb.

Rauf Mirqədirov son bir neçə ildə ailəsi ilə birgə Ankarada yaşayırdı.

Aprelin 17-də heç bir izah verilmədən onun Türkiyədəki akkreditasiyası ləğv edilib və o saxlanılıb.

Aprelin 19-da Bakıya yola salınaraq hava limanında həbs edilən Mirqədirov Ermənistanın xeyrinə casusluqda ittiham edilir.

O, ittihamı rədd edir və sifariş hesab edir.