Rauf Mirqədirov həbsini Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələndirir

Rauf Mirqədirov

Mirqədirov casusluq ittihamını rədd edir
Vəkil Fuad Ağayev aprelin 30-da MTN-nin istintaq təcridxanasında Ermənistanın xeyrinə casusluq etməklə dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovla görüşüb.

Vəkilin Amerikanın Səsinə verdiyi məlumata görə jurnalist öz həbsində Rusiya xüsusi xidmət orqanlarını təqsirli bilir.

Belə ki, o Rusiyanın siyasəti haqqında tənqidi materiallarına görə həbs edildiyini hesab edir.

Mirqədirov bütün casusluq ittihamlarını təkzib edir və istədiyi qəzetlərin heç birinin ona verilməməsindən şikayət edir.

Eyni zamanda, ona yalnız rəsmi mətbuatı verirlər. Vəkil bunu informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir.

Vəkil həmçinin bildirib ki, 5 gün əvvəl müraciət edilməsinə baxmayaraq, MTN jurnalistin valideynləri ilə görüşməsinə icazə verməyib.

“Vəkillər aprelin 25-də həm işi aparan müstəntiqə, həm baş prokurorun müavini Rüstəm Usubova, həm də istintaq təcridxanasının rəisinə müraciət ediblər. Amma hələ ki, bizim müraciətlərə cavab verilməyib”, deyə Ağayev bildirib.

Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılıb və ölkədən deportasiya olunub. Bakıya gəldikdən sonra o, təyyarədə həbs ediib və MTN-ə aparılıb. Növbəti gün onu Ermənistanın xeyrinə casusluqda ittiham ediblər.