"Haray"ın bu həftə mövzusu İranda və Azərbaycanda kitablara münasibətdir

Elxan Rzayev, Azərbaycan Kitab Klubu

Bu həftə Harayın proqramını kitablar mövzusuna həsr etmişik. Azərbaycan kitab klubunun direktoru Elxan Rzayevin sözlərinə görə, İranda Azərbaycan dilində kifayət qədər kitab nəşr olunur. O deyir ki, İranda tələbat olan kitablar operativ şəkil tərcümə olunaraq çap olunur. Elxan Rzayevlə müsahibəni sizə təqdim edirik.

Sual: Azərbaycan kitablarının İranda yaşayan azərbaycanlılar arasında yayılması, ümumiyyətlə alınması vəziyyəti necədi? Onların kitablarının yəni İranda yaşayan azərbaycanlıların kitablarının Azərbaycan Respublikasında yayılma vəziyyəti necədir?

Cavab: İranda iki “Tehran Beynəlxalq Kitab sərgisi”ndə iştirak etmişəm. Azərbaycan Respublikasının kitablarına münasibət çox müsbət idi. İranda Azərbaycan dilində kifayət qədər kitab nəşr olunur. Təbii ki, bu fars əlifbasında olur. Misal üçün həmin sərgilərin özündə ondan yuxarı Azərbaycan dilində kitab nəşr edən yerli nəşriyyatlar iştirak edirdi. Onların kitabları çox böyük sürətlə yayılırdı. O ki qaldı Azərbaycanda İranda nəşr edilmiş kitabların vəziyyətinə, əgər bu kitablar Azərbaycanda qəbul olunmuş qrafika ilə çap edilirsə, həmin kitablara kifayət qədər böyük maraq var.

Sual: Təbii ki, İranda azərbaycanlıların kitabları fars qrafikasında çap olunur, Azərbaycan Respublikasında isə Azərbaycan vətəndaşlarının kitabları Azərbaycan latın hərfləri ilə çap olunur. Və bu qrafika fərqlərini nəzərə aldıqda İranda latın əlifbası ilə yazılmış nəşriyyatı oxumaq o qədər də asan deyil, Azərbaycanda isə fars qrafikasını oxuya bilənlər çox azdır. Bu çətinliyi aradan qaldırmaq üçün kitabları həm latın həm də fars əlifbasında çap etmək mümkündürmü, bunun yayılması ilə, çapı ilə bağlı məşğul olanlar varmı?

Cavab: Kitablar hər iki qrafikada çap olunması mümkündür. Hesab edirəm ki, İranla Azərbaycan arasında mədəni əlaqələri inkişaf etdirmək baxımında hətta çox faydalı olardı. O ki qaldı bu işlə məşğul olan varmı? Mən hələlik paralel olaraq hər iki qrafikada çap olunmuş kitaba rast gəlməmişəm. Amma hesab edirəm ki, həm İranda, həm də Azərbaycanda bu işi görə biləcək mütəxəssislər var. Hökumətlərarası hər hansı layihə olsa, mütəxəssis qıtlığı olmayacaq.

Sual: Kitablar sərhəd tanımır, xalqları bir-birinə yaxınlaşdırır. Azərbaycanda çap olunmuş kitabların sərhəddən İrana keçirilməsi orada sərbəst şəkildə satılması mümkündürmü?

Cavab: Bircə şeyi deyə bilərəm ki, bizdən iştirak edəcəyimiz sərgiyə aparacağımız kitabların ancaq siyahısını istədilər. O siyahını verəndən sonra O kitabların heç birini yoxlamadılar. Bütün kitabları İrana apara bildik. Bu, sərgi üçün idi. Ancaq fərdi qaydada, yaxud kommersiya üçün bu kitabların aparılması nə dərəcədə asan və ya çətindir? Mən bu barədə bi söz deyə bilmərəm.

Sual: Bu mənada kitab klubu İranda yaşayan azərbaycanlılar arasında kitab satışı, kitab ticarəti ilə məşğul olmaq fikrindədirmi? İrandakı Azərbaycanlıların sayını nəzərə aldıqda bu bazarın demək olar üç dəfə böyüməsi deməkdir, yəni ticarət cəhətindən də sərfəlidir.

Cavab: Biz bu işlə bağlı tərəf müqabili axtarmışıq. Axtarışlarımız davam edir. Əgər belə bir tərəf müqabili tapılarsa, biz çox məmnuniyyətlə bu işlə məşğul olarıq. Bunu deyə bilərəm ki, İranda kitab tərcüməsi çox operativ həyata keçirilir. Orada olanda ABŞ yenicə çıxmış kitabın bir ay sonra İranda tərcüməsinə rast gəldim. Bu kitablara maraq böyükdür və onlar böyük tirajlarla satılır.

Sual: Siz İranda sərgilərdə iştirak edibsiniz. İranda yaşayan azərbaycanlıların Azərbaycan Respublikasında çap olunan hansı kitablara daha çox marağı var? Bədii, elmi, texniki, tarixi – hansı kitabları daha çox istəyirlər?

Cavab: Birincisi Azərbaycan Xalq Ədəbiyyatı, Azərbaycan folkloru, Azərbaycan Uşaq Ədəbiyyatı. Bunları Aktuallıq sirası ilə deyirəm. Daha sonra Azərbaycan orta məktəblərinin dərs vəsaitləri, Azərbaycan tarixi ilə bağlı olan kitablar. Onun ardınca isə lüğətlər gəlir.