Siyasi fəal Orduxan Temirxan Amerikanın Səsinə müsahibəsində son aylarda Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycanın müxtəlif rayonlarında həyata keçirdiyi əməliyyatları şərh edib.
Your browser doesn’t support HTML5
Mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli rayonunda əməliyyata başlayıb. DTX son aylarda artıq dördüncü rayonda icra hakimiyyətlərinin binasında əməliyyat keçirir. Bundan öncə dörd rayonun icra hakimiyyəti başçısı təkrar rüşvət almaq, vəzifədən sui-istifadə və mənimsəmə ittihamı ilə həbs edilib.
Siyasi fəalın sözlərinə görə, son aylarda neftin qiymətinin kəskin düşməsi, neft erasının bitməsi və aylardır davam edən pandemiya dövründə İlham Əliyev öz hakimiyyətini əldə saxlamaq üçün bu siyasi oyunlardan istifadə edərək bir şou göstərməyə çalışır.
Əgər İlham Əliyev korrupsiya ilə mübarizə aparmaq istəyirsə birinci özü istefa verməlidir.
"Yenə eyni oyunu qurublar ki, “İlham Əliyev yaxşıdır, ətrafı pis və o da ətrafını təmizləməklə məşğuldur. Əgər İlham Əliyev doğurdan da islahatlar aparmaq istəyirsə, doğurdan da Azərbaycan xalqına ürəyi yanırsa və əgər həqiqətən də nəyisə dəyişmək istəyirsə ilk öncə adı bütün dünyada korrupsiya ilə yanaşı çəkilən ailə üzvlərindən başlamalıdır.”
Hesablama Palatası və Maliyyə Nazirliyi bütün dövlət qurumlarında yoxlamalar apararaq, cinayət faktlarını Milli Məclisə və hüquq-mühafizə orqanlarına təqdim etsə belə bununla bağlı tədbirlər yalnız prezidentin verdiyi siyasi qərardan sonra həyata keçirildi. Cənab Temirxan bildirir ki, buna səbəb İlham Əliyevin ölkədəki heç bir dövlət qurumunun işlərini, hesabatlarını ciddiyə almaması və həmin qurumların sadəcə prezident nə desə onu etdikləri üçündür.
“Məsələ burasıdadır ki, bu gün Azərbaycanda baş verən bütün özbaşınalıqlar dövlət başçısı və onun ailəsi tərəfindən yaradılıb. Fikir versəniz görəcəksiniz ki, kadr dəyişikliklərində Heydər Əliyevdən qalan və İlham Əliyevin hakimiyyəti dövründəki məmurları bir-bir sıradan çıxardaraq Paşayevlər tərəfindən təyin olunan insanlar gəlir vəzifəyə. Bu da hakimiyyətin bir ailənin əlində qalaraq, sülalə şəklində ötürülməsi üçündür.”
Həbs olunan icra başçılarının olduğu yerlərdəki prokurorluq, polis idarəsi, rayonun yerli DTX-sı nə işlə məşğul idi?
Siyasi fəal onu da əlavə edib ki, Azərbaycanda mövcud siyasi sistem dəyişilməyənə qədər ölkədəki korrupsiya və rüşvətxorluğun qarşısını almaq mümkün olmayacaq.
“İlham Əliyev əgər korrupsiya ilə mübarizə aparmaq istəyirsə birinci elə öz xanımını vəzifəsindən azad edib, özü də istefa verməlidir. Azərbaycanda nə qədər ki, kommunizdən qalma məmurlar və onların sistemi davam edəcək, bunun da başında Əliyevlər, Paşayevlər duracaq deməli, ölkədə müsbətə doğru heç bir dəyişiklik olmayacaq.”