Milli hökümətin ildönümünü qeyd edən daha 3 güneyli fəal həbs edilib

Həbib Mənafi Azər, Cavad Sudbər və Yusuf Muxtari

Keçən il Azərbaycan Milli Hökümətinin ildönümü mərasiminə qatıldıqlarına görə İran məhkəmələri tərəfindən həbsə məhkum edilmiş daha üç güneyli fəalın Milli Hökümətin 69-cu ildönümü ərəfəsində zindana göndərildiyi bildirilir.

Azərbaycan veb səhifələrinə istinadən, Həbib Mənafi Azər, Cavad Sudbər və Yusuf Muxtari dekabrın 9-da 3 ay və bir gün həbs müddətini tamamlamaq üçün rəsmi adı Mahabad olan Soyuqbulaq şəhərinin həbsxanasına aparılıblar.

Daryuş Əndəlibiyan və Muxtar İbrahimi

Eyni məhkəmədə 3 ay və bir gün həbs cəzası almış digər güneyli fəal Muxtar İbrahimi ötən noyabr, 9 ay həbsə məhkum olunmuş Daryuş Əndəlibiyan isə oktyabr ayında Soyuqbulaq zindanına göndəriliblər.

Beş milli fəal keçən il dekabrın 12-də Qərbi Azərbaycanın Qoşaçay (Miyandab) şəhərində 1945-46 illərində qurulmuş Azərbaycan Milli Hökümətinin ildönümünü qeyd edərkən Ettelaat məmurları tərəfindən nəzarət altına alınıb, daha sonra müvəqqəti olaraq sərbəst buraxılıblar.

İran Məhkəmələri onları “Pantürkist fəaliyyətləri” və “rejimə qarşı təbliğat” aparmaqda ittiham edərək həbsə məhkum edib.

Daryuş Əndəlibiyan ötən sentyabr ayında Amerikanın Səsinə verdiyi müsahibədə özü və digər dostlarının saxlanma günündən həbsxana və məhkəmə prosesinə qədər Ettelaat məmurları və hakimlər tərəfindən dəfələrlə pis rəftar və qanunsuzluğa məruz qaldığını ifadə edərək, İran məhkəməsinin təhlükəsizlik qurumunun sifarişi ilə hökm çıxardığını önə çəkmişdi.