“Bir musiqi janrı xalq tərəfindən sevilərək üstünlük qazansa normaldır... Ancaq bu yuxarıdan təbtiq olunarsa, başqa musiqi növlərinin yerini kiçildər,” deyə güneyli musiqiçi Məmməd Ənsari sənət sahəsində avtoritar yanaşmaları tənqid edir.
Your browser doesn’t support HTML5
İngiltərədə yaşayan Güneyli bəstəkar Amerikanın Səsi ilə söhbətdə, Azərbaycan Respublikası və İran Azərbaycanında mövcüd olan musiqi janrları, “Azərbaycan Musiqisi” termininin anlamı, Azərbaycan və Anadolu musiqisinin təmas nöqtələri, güneyin fərqli bölgələrinə məxsus musiqi növlərinin kifayət qədər tanınmaması, eləcə də musiqi sahəsində avtoritar yanaşma kimi mövzularla bağlı düşüncələrini ifadə edib.
Batı Azərbaycan bir təması nöqtəsi kimidir. Misal üçün biz bu bölgələrdə Anadoludakı musiqi ilə yaxınlıq görürük. Belə təmas nöqtələrində, Azərbaycan və Anadolunun türk musiqiləri bir-birlərinin uzantısıdır.Məmməd Ənsari
Musiqi üzrə ali təhsilini Azərbaycan Respublikası və İngiltərə universitetlərində almış güneyli musiqiçinin sözlərinə görə, Güney Azərbaycanda yetərli imkanlar, o cülədən medianın olmaması üzündən fərqli bölgələrin musiqisi aradan getməkdədir. O, həmçinin musiqi sahəsində aparılan farslaşdırma siyasətinə işarə edib.
Məmməd Ənsari güneyin bəzi bölgələri o cümlədən, Qərbi Azərbaycan, Zəncan, Həmədan, Kürdüstan, Mərkəzi, Qum və Kirmanşah vilayətlərində yaşayan türklərə məxsus musiqi növlərinin Azərbaycanın digər bölgələrində kifayət qədər diqqətə alınmamasının səbəbləri haqqında da danışıb.
Onun dediklərinə görə, bunların hamısı türk mədəniyyətinin elementləri və əsasən Azərbaycanın musiqisi olaraq tanınmalıdır. Həmçinin, onun fikrincə, Azərbaycanda bəzi musiqi növlərinə daha çox üstünlük verildiyi üçün digər musiqi növləri inkişaf etmir.
Məmməd Ənsari bir musiqi janrının ancaq xalq tərəfindən sevilərək üstün mövqe qazanmasının doğru olduğunu vurğulayır və bunun yuxarıdan tətbiq edilməsini düzgün hesab etmir. Onun sözlərinə görə, hakimiyyətin muğam musiqisinə həddindən artıq önəm verməsi, başqa musiqilərin kənarda qalmasına səbəb olur.
Bunların hamısı türk musiqisidir... Türk dilinin fərqli ləhcələri arasında kəsin sınır çəkə bilmədiyimiz kimi, Türk musiqisi üçün də belə bir sınır mövcüd deyil.
“Azərbaycanda muğam xətərsiz bir musiqi kimi görüldüyü üçün daha çox dəstəklənir və bu başqa musiqi növlərinin yerini kiçildir,” deyə o söyləyib.
Onun sözlərinə görə, Güney Azərbaycan bölgələrinə məxsus musiqilərin diqqətə alınmamasının bir səbəbi də tanıtma işlərinin yaxşı aparılmamasıdır.
21 Azər Simfonik Poemasının müəllifi mərkəzi Urmiyə olan Qərbi Azərbaycan vilayətini musiqi və kültür baxımından Azərbaycan və Anadolunun təmas nöqtəsi kimi dəyərləndirir.
“Batı Azərbaycan bir təması nöqtəsi kimidir. Misal üçün biz bu bölgələrdə Anadoludakı musiqi ilə yaxınlıq görürük. Belə təmas nöqtələrində, Azərbaycan və Anadolunun türk musiqiləri bir-birlərinin uzantısıdır,” deyə Məmməd Ənsari bu yaxınlığın müsbət olduğunu vurğulayıb.
“Bunların hamısı türk musiqisidir... Türk dilinin fərqli ləhcələri arasında kəsin sınır çəkə bilmədiyimiz kimi, Türk musiqisi üçün də belə bir sınır mövcüd deyil. Ancaq, yuxarıdan bunların arasındakı fərqi böyük göstərmək şəklində bir yanaşma vardır,” deyə o əlavə edib.