Apellyasiya Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib

Gültəkin Hacıbəyli

O məhkəmənin qərarını siyasi sifarişin nəticəsi sayır
Sentyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın üzvü, Milli Məclisin keçmiş deputatı Gültəkin Hacıbəylinin apellyasiya şikayətinə baxılıb. O keçmiş qayınanasının iddiası əsasında Nəsimi rayon məhkəməsinin 50 min dollar təzminat qərarından apellyasiya şikayəti verib.

Məhkəmə iddianı təmin etməyib.

G.Hacıbəyli 2000-2010-cu illərdə Azərbaycan parlamentinin deputatı, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü olub. 2005-2010-cu illərdə Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədr müavini olub.

Gültəkin Hacıbəyli müxalif mövqedən çıxış etdikdən sonra keçmiş həyat yoldaşı və qaynanası ona qarşı məhkəmədə iddia qaldırıb. Məhkəmə iyul ayında ona qarşı təzminat və 9 yaşlı oğlunun atasına verilməsi barədə qərar qəbul edib. Məhkəmənin qərarından G. Hacıbəylinin şikayəti təmin edilməyib.

Hacıbəyli Amerikanın Səsinə bildirib ki, bundan öncə Apellyasiya Məhkəməsinə iddiaçı və onun nümayəndəsi gəlməyib. Bu isə iddiadan imtina kimi başa düşülməlidir. Lakin Milli Şura vahid namizəd barədə qərara qəbul etdikdən sonra məhkəmə, qaynanam və keçmiş həyat yoldaşım yenidən fəallaşıb.

“Bu Milli Şuradakı fəaliyyətimə görə siyasi təzyiqin nəticəsidir. İstəyirlər ki, mənin Milli Şurada fəaliyyətimə mane olsunlar. Amma çox gülünc və perspektivsiz addımdır”, o qeyd edib.