Gülnarə Axundova: AŞPA komitəsinin iradlarıma ciddi cavab verəcəyini gözləyirəm [Video]

Your browser doesn’t support HTML5

Keçən həftə Madriddə Avropa Şurası Parlament Assambleyasının Hüquqi İşlər və İnsan Haqları Komitəsinin iclasında Azərbaycanda insan haqları və qeyri-hökumət təşkilatlarının durumu müzakirə edilib. İclasda Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramuntun da Azərbaycanla bağlı hesabat məruzəsinin ilkin variantı təqdim edilib. İnsan haqları müdafiəçisi Gülnarə Axundova onun məruzəsi ilə bağlı tənqidi fikir söyləyib. Hüquq müdafiəçisi eyni zamanda, Azərbaycanda toplaşma azadlığını məhdudlaşdıran qanunlar mövzusunda prezentasiya ilə çıxış edib. Onun çıxışı Azərbaycan nümayəndə heyətinin tənqidləri ilə qaşılaşıb. Hazırda Danimarkada yaşayan Gülnarə Axundova Amerikanın Səsinə müsahibədə məruzəçi Pedro Aqramuntun Azərbaycanla bağlı hesabat məruzəsinə münasibətini bildirib.

“Məni narahat edən odur ki, Avropa Şurası Parlament Assambleyasının məruzəçisi olan Pedro Aqramunt QHT rəhbərlərinin həbsləri haqda heç bir bəyanat verməyib. Pedro Aqramuntun mandatı siyasi motivli həbslərlə bağlı hesabat verməsi nəzərdə tutulur. Lakin Pedro Aqramunt Azərbaycana gəlməmiş, Azərbaycanda olan QHT üzvlərilə görüşməmiş bu sənədin ilkin versiyasını hazırlayıb. Pedro Aqramunt bu sənəddə həbsləri pisləmir. Onu demək istəyirəm ki, Avropa Şurasının tərəfdaşları olan QHT-lərin liderləri ya həbsdədir, ya da məcburdu ki gizlənsin və Pedro Aqramunt bu vəziyyəti pisləmir və məni onun hökumətin mövqeyini müdafiə etməsi narahat edir”-deyə o bildirib.

Gülnarə Axundova komitənin iclasında çıxışınızdan sonra özü və Bakıdakı ailə üzvlərinizə qarşı təzyiq göstərildiyini deyib. “AŞPA-nın insan haqları komitəsinin üzvü Rafael Hüseynov həmin qayıdan kimi AzərT-a verdiyi müsahibədə məni “satqın” və “vətən xaini” adlandırıb. Onun dediklərindən sonra anamı zəng edib prokurorluğa çağırıblar. O, prokurorluqda dindirilib. Anam hansı cinayət işi ilə bağlı çağırıldığını soruşanda prokurorluq ona QHT-lərə qarşı cinayət işi ilə əlaqədar dəvət edildiyini bildiriblər. Ondan sonra anamın evində axtarış keçirilib. Axtarış nəticəsində heç bir götürülməyib, heç nə müsadirə edilməyib”-deyə o bildirib.

Gülnarə Axundova öz iradlarını Avropa Şurası Parlament Assambleyasının Hüquqi İşlər və İnsan Haqları Komitəsinə yazılı şəkildə bildirdiyini və buna ciddi cavab veriləcəyini gözlədiyini deyib. “AŞPA-nın Hüquqi İşlər və İnsan Haqları Komitəsi qurumun fundamental dəyərlərini qoruyan bir komitədir. Komitədən tezliklə cavab alacağımı və bu cavabın hökumət üçün sərt cavab verəcəyini gözləyirəm”-deyə o bildirib.

Gülnarə Axundova Danimarkada insan haqları sahəsində fəaliyyətini davam etdirdiyini qeyd edib.