Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları hazırda Danimarkada yaşayan, Beynəlxalq Mediaya Dəstək Təşkilatının proqram rəhbəri Gülnarə Axundovanın anası Cəvahir Axundovanın Bakıda evində axtarış aparıb. Axtarış nəticəsində evdən istintaqın diqqətini cəlb edən heç nə tapılmayıb. Bu barədə Amerikanın Səsinə Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılova bildirib.
Onun sözlərinə görə, axtarış noyabrın 5-də Cəvahir Axundova Baş Prokurorluqda dindirildikdən sonra aparılıb. Cəvahir Axundova QHT-lərlə bağlı istintaqı aparılan cinayət işi ilə əlaqədar dindirilib.
Gülnarə Axundova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ötən həftə keçirilən komitə iclasında Azərbaycanda insan hüquqlarının durumu və QHT-lərə təzyiqlərlə bağlı Azərbaycan hökumətini kəskin tənqid edib. Gülnarə Axundovanın anasının dindirilməsi və yaşadığı evdə axtarış aparılması onun tənqidi çıxışından bir neçə gün sonraya təsadüf edir.