Fransa, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü ərəfəsində həbs edilmiş hüquq müdafiəçiləri Leyla və Arif Yunusun qızı Dinara Fransa prezidenti Fransua Ollanda açıq məktub göndərib. O, məktubunda Fransa prezidentindən valideynlərinin azad edilməsinə yardım etməyə çağırıb.
Xanım Dinara xatırladır ki, bu ilin mayında Olland Bakıya səfəri zamanı onun anası – Fransanın Fəxli Legion Ordeninin kavaleri ilə görüşüb və onun insan hüquqlarının müdafiəsi sahəsində xidmətlərini təqdir edib.
“Təəssüf ki, sizin təqdiriniz Azərbaycan hakimiyyəti üçün heç bir məna kəsb etməyib və bu ilin yayında anam absurd ittihamlarla həbs edilib, onu Bakıda 1 saylı istintaq təcridxanasına göndəriblər”, deyə Dinara Yunus yazır.
Leyla Yunus “istintaq təcridxanasında qeyri-insani rəftara” məruz qalır.
“Həbsxana əməkdaşının anama amansızcasına hücum etməsi böyük narahatlıq doğurur. O, anamın başına yumruq vurub, saçından tutub çəkib, ona əziyyət verib, korluq riskinə məruz qoyub.
Anam gözündən iki dəfə ciddi əməliyyat olunub, hər iki gözündə implant var... Fransa belə bir ədalətsizliyə göz yuma bilərmi?”, xanım Dinara sual edir.
O, Ollanddan İlham Əliyevdən onun valideynlərini Avropa Parlamentinin bu yaxınlarda qəbul edilmiş qətnaməsində qeyd edildiyi kimi, dərhal və qeyd-şərtsiz azad etməyi tələb etməsini xahiş edir.
“Valideynlərimin sizin böyük dəstəyinizə bu gün ehtiyacı var, çünki sabah gec ola bilər”, Dinara Yunus məktubuna yekun vurur.
Leyla Yunus iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs edilib. Leyla Yunusa qarşı dövlətə xəyanət (274-cü maddə), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlrin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2), Arif Yunusa qarşı isə 274 və 178.3.2-ci maddələrlə ittiham irəli sürülüb.