Fransa kəşfiyyatı: Kimyəvi hücumun arxasında Əsəd hökuməti dayanır

ABŞ-ın məxfi sənədləri ilə yanaşı, Fransa kəşfiyyatı da cənab Əsədin “kütləvi və koordinasiya edilmiş” kimyəvi hücumların arxasında dayandığına dair sənədləri açıqlayıb.

Fransanın “Le Figaro” qəzetinə müsahibə verən Suriya prezidenti Bəşar Əl-Əsəd Dəməşqdə avqustun 21-də kimyəvi hücum haqda iddiaları rədd edərək, nə ABŞ-ın, nə də Fransanın heç bir dəlil gətirmədiyini bildirib. Cənab Əsəd ABŞ, ya da Fransa tərəfindən hər hansı mümkün hücumun regionda müharibəyə yol aça biləcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ və Fransa kəşfiyyatının sənədləri açıqlamasına baxmayaraq, Suriyaya müdaxiləyə beynəlxalq dəstəyin zəiflədiyi müşahidə olunur. Bununla belə, NATO-nun Baş katibi Anders Fogh Rasmussen beynəlxalq ictimiayyətin hadisəyə reaksiya verməli olduğunu deyib. “Belə vəziyyətdə beynəlxalq ictimaiyyət reaksiya verməlidir, yoxsa biz bütün dünyada diktatorlara çox təhlükəli bir siqnal göndərə bilərik ki, onlar kimyəvi silahlardan beynəlxalq ictimaiyyətdən heç bir reaksiya olmadan istifadə edə bilərlər.”

Suriyaya qarşı hərbi müdaxiləyə Fransa və Türkiyə dəstək bildirib.

Suriyanın uzun müddətdir müttəfiqi olan Rusiya ABŞ-ın Əsəd hökumətinin kimyəvi silahlardan istifadə etdiyinə dair dəlillərin əsassız olduğunu bildirib. Rusiya prezidenti Vladimir Putin Amerika konqresmenləri ilə müzakirələr üçün Rusiya parlament üzvlərindən ibarət nümayəndə heyətinin ABŞ-a göndərilməsi fikrinə dəstəyini ifadə edib.

ABŞ prezidenti Barak Obama Suriyaya hərbi müdaxiləyə başlamaq üçün Konqresin razılığını almağa çalışır. Prezident Obama məsələni müzakirə etmək üçün ABŞ-ın nüfuzlu respbulikaçı senatoru Con Makkeyni Ağ Evə dəvət edib.