Əfqanıstanda intiharçı hücumları vüsət alıb

Əfqanıstanın cənubunda və qərbində həyata keçirilən intiharçı hücumları azı 15 nəfərin ölümünə səbəb olub. Bu, isə üsyançıların hücumlarını yenidən intensivləşdirməsi ilə bağlı narahatlıqları artırıb.

Herat vilayətində içərisində bomba yerləşdirilmiş maşındakı intiharçı üçü polis olmaqla, azı 11 nəfəri öldürmüş, Güzara mahalında isə polisin sənədləri yoxlamaq üçün maşını saxlayarkən bomba partladılmışdır. Rəsmilər hücumçulardan birinin burqa geydiyini deyib.

Hücumlar zamanı 23 nəfərin də yaralandığı deyilir.

Bundan bir neçə saat sonra isə Helmənd vilayətində silahlıların polis məntəqəsinə hücum etdikləri və dörd polis işçisini qətlə yetirdikləri xəbər verilib.