"Azərbaycan regionda iqtisadiyyatı ən çox kiçilən ölkədir" [Audio-Müsahibə]

Dünya Bankı

ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin maliyyə üzrə dosenti Fariz Hüseynli ilə müsahibə.

“İqtisadiyyatın artımına töhfə verəcək bütün amillərdə Azərbaycan geridə qalıb.”

Bu sözləri Dünya Bankının “2017-ci il Qlobal İqtisadi Prespektivlər” hesabatı barədə Amerikanın Səsinə müsahibə verən ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin maliyyə üzrə dosenti Fariz Hüseynli bildirib.

Your browser doesn’t support HTML5

"Azərbaycan regionda iqtisadiyyatı ən çox kiçilən ölkədir"

Hesabatda 2017-ci ildə Azərbaycanda ÜDM 1.4 faiz azalacağına münasibət bildirən iqtisadçı ekspert bildirib ki, məhz neft qiymətlərinin kəskin azalması, bank sektorundakı problemlər, kiçik və orta sahibkarlığa yaradılan maneələr Azərbaycanı post-sovet ölkələri arasında Belarusla birlikdə iqtisadiyyatı ən çox kiçilən ölkə edib.

Keçən ilə nisbətən vəziyyətin stabilləşməsi çox insanda optimistlik yaradıb. Amma stabilləşmə artım demək deyil.

Fariz Hüseynli qeyd edib ki, keçən il ÜDM-də 3.8 faizlik azalmaya nisbətən bu il gözlənilən 1.4 faizlik azalmaya səbəb Mərkəzi Bank tərəfindən bank sektorunda aparılan siyasətin nəticəsidir.

“Keçən ilə nisbətən vəziyyətin stabilləşməsi çox insanda optimizm yaradıb. Amma stabilləşmə artım demək deyil. İqtisadiyyat neft ixracatı üzərində qurulduğundan bütün gözlər neftin qiymətinə dikilib. Belə olanda da iqtisadiyyat arta bilmir.”

Fariz Hüseynli onu da əlavə edir ki, bu cür iqtisadi böhran zamanı əsas məqsəd əhalinin alıcılıq qabiliyyətinin artırılmasına yönəlməlidir. Bunun üçün də bank sistemindəki zəiflikləri aradan qaldırıb, sərt pul-kredit siyasəti həyata keçirtmək lazımdır.

“2008-ci il iqtisadi böhranında İslandiya bu üsuldan istifadə etdi. Bankı xilas etməkdənsə həmin maliyyə vəsaitlərini orta və kiçik sahibkarlığın inkişafına yönəltdi. Azərbaycan isə Beynəlxalq Bankın toksik aktivlərini satın alıb, bütün borcu üzərinə götürdü.”

Gürcüstan və Ermənistanda müvafiq olaraq 3.5 və 2.7 faizlik artım gözlənilir.

​Azərbaycandan fərqli olaraq Gürcüstan və Ermənistanda davam edən stabil iqtisadi artımın səbəbinə aydınlıq gətirən iqtisadçı bildirib ki, bu ölkələrin də iqtisadiyyatının əsasında xammal ixracatı dayanır. Lakin, onlar Azərbaycan kimi yalnızca neftdən asılı deyil, digər məhsulların, xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracatına böyük yer ayırırlar. Buna görə də neft qiymətinin artıb-azalması Gürcüstan, Ermənistan kimi ölkələrə bizim qədər təsir etmir.