Your browser doesn’t support HTML5
Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasının səbəbləri haqqında danışan Fərda Əsədov bildirib ki, bütün böyük dövlətlər kimi Türkiyə də qonşuluğundakı ölkələrdə sabitliyin bərpa olunmasında maraqlıdır. Onun sözlərinə görə, ələlxüsus da Türkiyənin ərəb ölkələri kimi konfliktlərin geniş yayıldığı ölkələrlə qonşu olması onun bu məsələlərə xüsusi diqqət ayırmasına səbəb olub.
Bu cür qəti addımlar atılmalıdır ki, tarazlığı pozmaq niyyətlərini qarşısı qətiyyətlə alına bilsin.
“Türkiyə ilk növbədə öz sərhədlərinin təhlükəsizlik məsələlərinə görə narahatdır. Buna da səbəb isə odur ki, Suriya öz daxilindəki problemləri həll etmək üçün konkret bir çıxış yolu tapmadığı halda ölkə daxilində hansısa bir qüvvələrin gücləndirilməsi, həmin qüvvələrin qeyri-tarazlıq yaradan siyasi iddialarına rəvac verməsi kimi bir şeydir. Digər tərəfdən isə yenə də həmin balansı yaratmaq və ilk növbədə Suriyanın daxili vəziyyətinin bərqərar olması məsələsini ön plana çəkmək üçün bu cür qəti addımlar atılmalıdır ki, tarazlığı pozmaq niyyətlərini qarşısı qətiyyətlə alına bilsin.”
Afrin əməliyyatlarının Türkiyə üçün mümkün nəticələri haqqında sualımızı cavablandıran şərqşunas alimin bildirdiyinə görə, baş verə biləcək ən yaxşı nəticələrdən biri ümumən Suriya böhranı həll edilmədən gələcəkdə bu cür gərginlik yarada biləcək silahlanma niyyətlərinin məhdudlaşdırılması ola bilər.
“Bu cür silahlanmanın arxasında duran ABŞ siyasətində daha sağlam mövqe formalaşa bilər. Digər tərəfdən isə ümumi strateji addım qeyri-sağlam olan siyasi iddiaların da və dünya beynəlxalq münasibətlərində bu cür iddialara təkan verən qaynaqların qabağı alınmasından ibarətdir.”
Fərda Əsədov onu da əlavə edir ki, Türkiyənin əməliyyatlara başlamasından sonra Rusiya öz narahatlığını ifadə etsə də, bununla bağlı kəskin etirazını bildirməməsinə səbəb ABŞ regiondakı siyasəti ilə bağlıdır.
“Türkiyənin bu əməliyyatlara başlamasının səbəblərindən biri də ABŞ-ın regiondakı siyasətini qeyri-tarazlı şəkildə həyata keçirməsi olub. Buna görə də Rusiya onun üçün yeni bir şərait yaradan Türkiyənin bu cür qətiyyətli addımına qarşı kəskin etirazını bildirməyib. Amma bu məsələdə konkret bir həmkarlığın olmasını da demək çətindir.”
Cənab Əsədovun sözlərinə görə, son zamanlar ABŞ tərəfindən Yaxın Şərqlə bağlı bəzi gerçəklikləri əks etdirsə belə vəziyyətin tam mürəkkəbliyini özündə ehtiva etməyən siyasət aparılsa da, ABŞ hər zaman regionda ən güclü faktor olaraq qalacaq.
“ABŞ son zamanlar özünü hər iki tərəfin maraqlarını nəzərə alaraq addım atan siyasi qüvvə kimi göstərməkdə uğursuzluğa düçar olub. Mən düşünürəm ki, yaxın gələcəkdə ABŞ-ın xarici siyasətində daha sağlam mövqeyə malik olması, daha uğurlu siyasi iradənin formalaşması ən yaxşı gözlənilməz addım olardı."
Türkiyənin atdığı addımlar müharibə variantını kəskinləşdirir.
Sonda şərqşünas alimin bildirdiyinə görə, hazırda ən vacib və narahatlıq doğuran məsələ Suriyanın gələcəyinin necə olması məsələsidir.
“Suriyanın gələcəyi ümumilikdə Yaxın Şərqin hansı vəziyyətdə olması, sülhə qədəm qoyması və ya müharibələrin artması deməkdir. Arzu edərdim ki, bu məsələnin həllində bütün tərəflərin maraqları bərabər şəkildə qorunsun, tarazlı şəkildə nəzərə alınsın. O cümlədən də Türkiyənin maraqları. Çünki, bu maraqlar müəyyən dərəcədə təhlükə qarşısında qalarsa bununla bağlı Türkiyənin atdığı addımlar müharibə variantını kəskinləşdirir.”