Evin məhbuslarına hücum, Səid Mətinpur təkadamlıq kameraya köçürülüb

Səid Mətinpur

Məhbuslar İranın təhlükəsizlik məmurları və yüzə yaxın təchizatlı özəl qvardiya qüvvəsinin hücumuna məruz qalıb
İnsan haqları qruplarına istinadən, bu gün aprelin 17-də səhər vaxtlarında Tehranın Evin zindanında saxlanılan məhbuslar İranın təhlükəsizlik məmurları və 100-ə yaxın özəl qüvvənin hücumuna məruz qalıb.

Amnesty International bir çox məhbusun yaralandığını, həmçinin 32 məhbus, o cümlədən tanınmış güneyli jurnalist Səid Mətinpurun təkadamlıq kameraya köçürüldüyünü bildirib.

“17 aprel səhər çağlarında təhlükəsizlik məmurları və 100-ə yaxın təchizatlı özəl qvardiya qüvvəsi, ehtimalən axtarış üçün, Evin həbsxanasının 350-ci bölməsinə hücum ediblər. Daha sonra nə olduğu bəlli deyil, ancaq xəbərlərə görə, bəzi məhbuslar və qvardiya qüvvələri arasında qarşıdurma olub,” deyə bu gün yaydığı bəyanatında qeyd edən Amnesty International 4-ü xəstəxanaya göndərilmiş 30 məhbusun yaralandığı ilə bağlı məlumat yayıb.

Beynəlxalq qurum “üsyan reportu”ndan sonra məhbusların təhlükə altında olduğunu vurğulayıb.

Hücumun ardından 32 məhbus o cümlədən, jurnalist və insan haqları fəalı Səid Mətinpur, vəkil Əbdülfəttah Sultani, Məhəmməd Əmin Hadəvi, siyasi fəallar Behzad Ərəbgül və Hutən Dövləti və əmək fəalı Behnam İbrahimzadə 240-cı bölmədə təkadamlıq kameralara köçürülüb.

Tehran Universitetinin Fəlsəfə fakültəsinin məzunu, yazar, jurnalist və hüquq müdafiəçisi Səid Mətinpur dəfələrlə nəzarət altına alınıb və İranın Təhlükəsizlik Nazirliyi həbsxanalarında sorğu-suala çəkildikdən sonra 8 il həbs cəzasına məhkum edilib. O, 5 ildən artıqdır Tehranın Evin zindanında saxlanılır. Amnesty International, Sərhədsiz Reportyorlar və Jurnalistlərin Müdafiəsi Komitəsi (CPJ) güneyli jurnalisti vicdan məhbusu adlandırıb və onun şərtsiz azadlığını tələb ediblər. Dünyanın müxtəlif ölkələrində Səid Mətinpura azadlıq tələbi ilə kampanyalar keçirilir.