Əvəz Zeynallıya doqquz il həbs [Video]

Your browser doesn’t support HTML5

Əvəz Zeynallıya 9 il həbs

Jurnalist ittihamları rədd edib və hökmü siyasi qəsd adlandırıb

Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallnın barəsində hökm oxunub.
Hakim Ramella Allahverdiyeva jurnalisti əmlakı müsadirə olunmadan cəzasını ümumi rejimli koloniyada çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda Ə.Zeynallıya həbsdən azad edildikdən sonra bir il ərzində kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Bundan əlavə, o vurduğu zərərə görə xəzinəyə 4076 manat köçürməlidir.

Əvəz Zeynallı 2011-ci il oktyabrında həbs olunub. 2012-ci ilin mayında ona qarşı məhkəmə başlayıb.

Məhkəmə Ə.Zeynallını Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), 311.4 (hədə yolu ilə pul tələb etmə), 306 (məhkəmənin qərarını icra etməmə) və 213.1 (xeyli miqdarda vergini ödəməkdən yayınma) maddələri ilə təqsirli bilib.

Bundan əvvəl prokuror Ə.Zeynallının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Redaktor keçmiş deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs olunub. Hazırda G.Əhmədova özü də dələduzluğa görə həbsdədir.

Məhkəmədə jurnalist ittihamları rədd edərək bildirib ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sifarişi ilə həbs olunub. “Bunların mənə qarşı nə qədər qəzəbi varmış? Bu siyasi qisasdır”, o qeyd edib.

Məhkəmə iclası başlayarkən Ə.Zeynallı ANS telekanalının çəkiliş qrupunun zaldan çıxarılmasını tələb edib.

Zal hökmün qarşılığında “Azadlıq!” şüarını səsləndirib. Ə.Zeynallı məhkəmədə iştirak edənləri qarşıdan gələn Novruz bayramı ilə əlaqədar çərşənbə axşamı münasibətilə təbrik edib və hamını evə getməyə çağırıb.

Yerli və beynəlxalq təşkilatlar əmindir ki, Ə.Zeynallı öz peşə fəaliyyətinə, əsasən məqalələrində yüksək vəzifəli şəxsləri ifşa etdiyinə görə həbs olunub.