Eurovision-2012 müsabiqəsində mahnıların təqdimat ardıcıllığı müəyyən edilib

Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva müsabiqənin finalında 13 nömrə ilə çıxış edəcək.

Bakıda martın 20-də nümayəndə heyətləri rəhbərlərinin iclasında "Eurovision 2012" mahnı müsabiqəsinin 42 iştirakçı ölkəsi arasında püşkatma mərasimi keçirilib.

Trend Agentliyinin məlumatına görə, püşkatma nəticəsində mayın 22 və 24-də keçiriləcək yarımfinallardakı ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunan 6 ölkənin çıxış ardıcıllığı müəyyən olunub.

Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva müsabiqənin finalında 13 nömrə ilə çıxış edəcək.

Mayın 22-də Bakıda keçiriləcək birinci yarımfinalda iştirak edəcək 18 ölkə aşağıdakı ardıcıllıqla çıxış edəcək: Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya.

Mayın 24-də baş tutacaq ikinci yarımfinalda isə 18 ölkə bu ardıcıllıqla iştirak edəcək: Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina, Litva.

Azərbaycan (ötən ilki müsabiqənin qalibi) və "Böyük beşlik" ölkələri - Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya - birbaşa olaraq mayın 26-da müsabiqənin finalında iştirak edəcəklər. İspaniya 19, İtaliya 10, Almaniya 20, Böyük Britaniya 1, Fransa isə 9 nömrə ilə çıxış edəcək.

2012-ci ildə 57-ci "Eurovision" mahnı müsabiqəsi Dövlət Bayrağı Meydanı yaxınlığında tikilən "Bakı Kristal Zalı"nda keçiriləcək. "Bakı Kristal Zalı" 23 min tamaşı tutumuna malikdir, daha 16 min tamaşaçı müsabiqənin yarımfinalları və finalına böyük monitorlarda canlı efirdə baxmaq imkanı əldə edəcək.

Şouda Avropa televiziyalarında bu günədək istifadə olunmayan işıqlandırma sistemi tətbiq ediləcək. Eyni zamanda, builki postkardlar da (iştirakçı ölkələrin çıxışlarından əvvəl yayımlanan videoçarx) fərqli üslubda olacaq. Budəfəki şouda bütün 42 postkard müsabiqənin ev sahibi Azərbaycana aid olacaq.