ETTELAAT rəhbəri iranlı gənclərə Amerikanın virtual səfirliyindən danışıb

ETTELAAT rəhbəri iranlı gənclərə Amerikanın virtual səfirliyindən danışıb

Virtual səfirlik bu internet ünvanlarında yerləşir: iran.usembassy.gov; persian.iran.usembassy.gov; tehran.usembassy.gov.

Dekabrın 11-də jurnalistlərə açıqlama verən kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Heydər Moslehi ABŞ-ın İranda virtual səfirlik açmasından danışıb.

“Media forum” saytının məlumatına görə, Heydər Moslehi deyib: “Xalq, o sıradan da gənclər ayıq-sayıq olmalı, bu kimi hərəkətlərə aldanmamalıdır. Çünki amerikalıların bu planı casusluq üçün bir tələdir. Səfirliyin, diplomatik qanunlara görə, öz mənası var. Qarşı tərəf sayılan ölkə bunu qəbul etməlidir.

Səfirliyin formalaşması müxtəlif qanuni mərhələlərdən, o cümlədən etibarnamə mərhələsindən keçməli, qarşı tərəflə razılaşdırılmalıdır. Lakin amerikalıların virtual səfirlik adı ilə ortaya atdıqları şey, demək olar, mövcud deyil. Amerikalıların bu təşəbbüsə əl atması onların siyasi məğlubiyyətinə və İran İslam Respublikasında istədikləri nəticəni əldə etməkdə uğursuzluğuna işarədir”.

ABŞ-ın İranda virtual səfirliyinin saytı dekabrın 6-da fəaliyyətə başlayıb. Virtual səfirlik bu internet ünvanlarında yerləşir: iran.usembassy.gov; persian.iran.usembassy.gov; tehran.usembassy.gov.

ABŞ-la İran arasında diplomatik münasibətlər 1979-cu ildən kəsilib.