Ərəstun Oruclu: Azərbaycanın Rusiyaya alternativ müttəfiqi olmalıdır [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

Ərəstun Oruclu: Azərbaycanın Rusiyaya alternativ müttəfiqi olmalıdır

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə müsahibəsində Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünün nəticələri, yeni təhlükələr və Azərbaycanın atacağı addımlardan danışıb.

“Soçi görüşü gözlənilən nəticələri verməyib. Görüşdən Rusiyanın gözləntiləri var idi. Ermənistan sadəcə Rusiyanın danışmanı rolunu yerinə yetirir, bu ölkənin təzyiq vasitəsi rolunda çıxış edir”, politoloq qeyd edib.

O Soçi görüşünün gündəmə gətirilməsinin səbəblərindən danışarkən deyib ki, erməni diversiya dəstələrinin Azərbaycan əsgərlərini qətlə yetirməsinə qədər bu görüş gündəmdə deyildi.

“Azərbaycan hakimiyyəti bundan üç gün sonrayadək çaşqın bir durumda idi. Bilirdi ki, bu arxasında müəyyən cinayət dayanan mesajdır. Azərbaycana başqa bir mesaj da verildi. Həmin üç günlük çaşqınlıq həm də o demək idi ki, sizin hərbi ritorikanız, təhdid dilində danışmağınız, hərbi güc nümayişiniz mənasızdır”.

Məhz bundan sonra Azərbaycan prezidenti Soçi görüşünə getməli olub.

“Amma Soçi görüşü ilə bağlı Rusiyanın rəsmi məlumatından görünürdü ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirə göstərilmir. Kreml bir məqsəd güdürdü, Ermənistan və Dağlıq Qarabaş münaqişəsi vasitəsi ilə Azərbaycana təzyiq etməklə özünün yaratdığı iki quruma (Avrasiya Birliyi və Gömrük İttifaqı nəzərdə tutulur - red) üzv etmək”.

Onun fikrincə, Rusiyanın gələcəkdə də Azərbaycana təzyiq potensialı çoxdur. “Rusiyanın Azərbaycana təzyiq üçün həm xaricdən, həm də daxildən çoxsaylı imkanları var. Xarici faktorlar bunlardır: Xəzər hövzəsində müxtəlif təxribatlar yaratmaq, enerji mənbələrinə təhdidlər, Azərbaycanın şimalında separatçılığı və ya dini radikalizmi alovlandırmaq, Rusiyada yaşayan azərbaycanlılardan (“Milyarderlər” Klubundan istifadə və Rusiyada yaşayan azərbaycanlılara təzyiqlər) istifadə vasitəsi ilə təzyiqlər”.

Daxili amillərə gəlincə Rusiya son 200 ildə Azərbaycanda olub və ölkədə geniş agentura şəbəkəsi qurub. “Rusiyanın Azərbaycanda kifayət qədər yaxşı təşkilatlanmış 5-ci kolonu var”.

Oruclu hesab edir ki, vəziyyətdən yeganə çıxış yolu qərblə münasibətləri tənzimləməkdir. “Rusiya həmin 5-ci kolonun fəaliyyəti nəticəsində vətəndaş cəmiyyətinə, qərb ideyasının daşıyıcılarına, bilavasitə qərb, ABŞ təşkilatlarına qarşı Azərbaycanda aparılan çirkin kampaniyalar, əsassız istintaqlar, ittihamlar vasitəsi ilə bu münasibətləri korlamağa müvəffəq olub. Bunun dayandırılması istiqamətində addımlar atmaq lazımdır. Bu addımı isə yalnız və yalnız dövlət başçısı İlham Əliyev ata bilər. Əgər o həqiqətən o 5-ci kolonun təsirindən kənardadırsa, onun bu iradəsi varsa, yeganə çıxış yolu kimi mən bunu görürəm.

Çünki biz Rusiyaya alternativ bir müttəfiqə sahib olmalıyıq ki, bu tərəfdaş bizi Rusiyanın təzyiqlərindən, təhdidlərindən qorusun. Bu baxımdan Ukrayna Azərbaycan üçün əyani bir nümunədir. Doğrudur burada deyirlər ki, Ukrayna qərblə yaxınlaşmaqla Krımı itirdi. Azərbaycan isə Rusiyadan qopmamaqla 25 ildir ki, Qarabağı qaytara bilmir. Niyə nəzərə alınmır ki, ABŞ Dövlət Departamenti və Minsk qrupundakı həmsədri qeyd-şərtsiz Dağlıq Qarabağın ətrafındakı 7 rayonun qaytarılmasını tələb edir. Rusiyanın adından isə müxtəlif mesajlar uydururlar. Kimisi deyir iki-üç rayon qaytarmaqla Rusiyaya baza statusu verməliyik, kimisi isə deyir ki, Avrasiya Birliyinə qoşulmalıyıq. Bunlar 5-ci kolonun fəaliyyətinin nəticəsidir. Bunun isə qarşısını yalnız İlham Əliyev ala bilər”, o qeyd edib.