Şallaq və həbs cəzası almış 5 fəal Ərdəbil zindanına göndərildi

Ərdəbilli fəallar

30 şallaq cəzası 3 aylıq həbsin bitdiyi gün icra ediləcək

Bir neçə ay əvvəl Ərdəbil Cəza Məhkəməsi tərəfindən “futbol stadionunda etnik və millətçilik məzmunlu şüarlar” səsləndirdikləri üçün “ümumi intizam və asayişi pozmaq”da günahlandıraraq 3 ay həbs və 30 şallaq cəzasına məhkum edilmiş 5 türk fəal Ərdəbil zindanına göndərilib.

Məhkəmə qurumundan Ərdəbil zindanına unvanlanmış və Amerikanın Səsinin fəalların yaxınlarından əldə etdiyi sənədin surətinə əsasən, 30 aylıq həbs müddətinin bitdiyi zaman fəalların məhkum olduğu 30 şallaq cəzasının da icrasına əmr edilib.

Fəallar Mustafa Pərvin, Saleh Piçqanlı, Tovhid Əmir Əmini, Murtaza Pərvin və Meysəm Colani ötən il sentyabr ayının 10-da Ərdəbilin Təxti Stadionunda futbol matçı zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və daha sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Güney Azərbaycan Televiziyasının yaydığı məlumata görə, həmin matç zamanı stadiondakı azarkeşlər tanınmış siyasi məhbus Abbas Lisani və digər siyasi məhbuslara dəstək bildirən ifadələr yazılmış plakatlar qaldırıb və milli şüarlar səsləndirmişdilər.

Ərdəbil zindanına göndərilən fəallardan Tovhid Əmir Əmini, Saleh Piçqanlı və Meysəm Colani həmçinin keçən ilin noyabr ayında Azərbaycan vilayətlərində keçirilən kütləvi “anti-irqçilik” aksiyalarına qatıldıqları üçün əlavə olaraq 3 ay və 1 günlük həbsə məhkum olunublar.