Ərdəbil valiliyi qızların təhsil dövrünün qısaldılması ilə bağlı xəbəri təkzib edib

Ərdəbil valisi Məcid Xudabəxş

Ərdəbil valiliyinin ictimai əlaqələr bürosu geniş təpki və etirazların ardından dünən gecə noyabr ayının 10-da valiliyin rəsmi veb səhifəsində nəşr etdiyi bəyanatda qızların təhsil dövrünün qısaldılması ilə bağlı Ərdəbil valisinə istinad edilən sözləri təkzib edib.

İranın yarı-rəsmi Mehr xəbər agentliyinin ötən həftələrdə yaydığı xəbərə görə, vali Məcid Xudabəxş qızların oğlanlardan 5-6 il erkən yetkin olması səbəbi ilə onların təhsil dövrünün daha əvvəl bitirilməsini təklif etmişdi.

Bu sözlər xüsusilə keçən bir neçə gün ərzində media və sosial şəbəkələrdə geniş təpkilərə səbəb olub. Valinin dilindən yazılan sözləri qadınlara qarşı açıq ayrı-seçkilik kimi dəyərləndirən media və insan haqları qrupları Həsən Ruhani hökümətinin səssiz və təpkisiz qalmasından şikayətləniblər.

Mehr xəbər agentliyi Ərdəbil valisinin sözləri ilə bağlı xəbəri bir neçə həftə öncə yaysa da, valiliyin təkzib bəyanatı etirazların genişlənməsi ilə bərabər yayılıb.

Ərdəbil valiliyinin ictimai əlaqələr bürosu mediada yayılan xəbərlərdə valinin sözlərinin giriş və nəticə bölümünün əks etdirilmədiyi və sadəcə bəzi bölümlərin yayıldığını irəli sürüb.

Büro valinin sözlərinin yanlış şəkildə əks edildiyini irəli sürsə də, onun ifadə etdiyi sözlərin mahiyyəti ilə bağlı hər hansı nir məlumat verməyib.