Accessibility links

Ərdəbil valisinin qızlar üçün “erkən məzunluq" layihəsi və Ruhani hökümətinin səssizliyi


Prezident Ruhani və Ərdəbil valisi Məcid Xudabəxş
Prezident Ruhani və Ərdəbil valisi Məcid Xudabəxş

İnsan haqları qrupları Həsən Ruhani hökümətini qızların təhsil dövrünün daha qısa olmasını tələb edən Ərdəbil valisinin sözlərinə təpki göstərmədiyi üçün tənqid edirlər.

“Qızlar oğlanlardan 5-6 il daha erkən yetkin olur. Buna görə, onların təhsil dövrü də daha erkən bitməlidir,”-deyə Həsən Ruhani hökümətinin təyin etdiyi vali Məcid Xudabəxş ötən həftələrdə qızların orta məktəb diplomunun 9-cu sinifdə verilməsini təklif edib.

Qızların fizika və riyaziyyat dərsləri almaqlarına gərək yoxdur. Onların gələcək yaşayışında bu dərslərə ehtiyacı olmayacaq.
Ərdəbil valisi

Ərdəbil valisinin sözlərini qadınlara qarşı açıq ayrı-seçkilik kimi dəyərləndirən media və insan haqları qrupları Həsən Ruhani hökümətinin səssiz və təpkisiz qalmasından şikayətlənirlər.

Mehr xəbər agentliyinə istinadən, vali beynəlxalq təhsil standartlarını tənqid edərək, bu standartların İranda icra edilməsinin topluma zərər verdiyini irəli sürüb.

Məcid Xudabəxşin fikrincə, beynəxlaq təhsil sistemində qızların erkən yetkin olmasına diqqət göstərilmədiyi üçün onların yaşayışı o cümlədən, evlilik məsələsində problemlər törədir.

Vali eləcə də qızların orta məktəbi bir neçə il erkən bitirmələri üçün əməli yollar da təklif edib. Onun dediklərinə görə, qızların fizika və riyaziyyat dərsləri almaqlarına gərək yoxdur. Onların gələcək yaşayışında bu dərslərə ehtiyacı olmayacaq.

Məcid Xudabəxş həmçinin əlave edib, “baxdığımızda işsiz olan universitet məzunlarının əksəriyyətini qızlar təşkil edir. Bu şəkildə idarəetmə və qızlara qeyri-müvafiq təlimlər vermək onların yaradılışına ziddir... Evlilik Quranın əmridir və orta məktəb diplomu ya lisans (bakalavr dərəcəsi) ilə məhdud edilməz. Biz qızların gələcək həyatlarındakı ehtiyaclara uyğun olaraq erkən diplom layihəsini təklif edəcəyik.”

XS
SM
MD
LG