Keçən iyun ayında İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində “separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun” həbs edildiyinə dair məlumat yaydı. Nəzarət altına alınanlardan biri Həbib Sasaniyanı yaxından tanıyan fəal Əqil Azərdoxt onun dörd aydır nəzarətdə saxlanıldığını, digərlərinin isə müvəqqəti olaraq sərbəst buraxıldığını bildirir. Ərdəbildən Amerikanın Səsinə danışan fəalın dediklərinə görə, casusluq ittihamı ilə günahıandırılan Sasaniyanın sağlıq durumu yaxşı deyil.
Your browser doesn’t support HTML5
Yarı-rəsmi Fars xəbər agentliyinə istinadən, Şərqi Azərbaycan Ədliyyəsinin başqanı Hikmət Əli Müzəffəri tutulanların “GAMO adlı qrupun üzvləri olub, dövlət sirri olan hərbi və iqtisadi sənədləri toplayıb və İran İslam Respublikasının düşmənlərinə verdiyini” irəli sürüb.
Əqil Azərdoxt Həbib Sasaniyanın “casusluq fəaliyyəti göstərəcək mövqeyə sahib olmadığını, ittihamın gülünc olduğunu” vurğulayır:
“Casusluğu o adam edə bilər ki, əli ölkənin məlumatına çata bilsin, böyük adam olsun. Həbib Sasaniyanın əlində hansı məlumat ola bilər ki, casusluq edə.”
Casusluğu o adam edə bilər ki əli ölkənin məlumatına çata bilsin, böyük adam olsun. Həbib Sasaniyanın əlində hansı məlumat ola bilər ki casusluq edə.Əqil Azərdoxt
Həbib Sasaniyanı 2006-cı ildən bəri tanıdığını ifadə edən Azərdoxt onun mədəni və milli fəaliyyətlər göstərib, şeir və məqalələr yazdığını bildirir: “2006-cı ildə tanış olub, mədəni fəaliyyətlərdə əməkdaşlıq etmişik. O, şeir və yazılar yazırdı.”
O, məhbusun dörd aydır ailəsilə ancaq telefon vasitəsilə təmas qura bildiyini, vəkillə təmin olunmadığını qeyd edir.
“Ailəsi ilə sadəcə telefonda danışıb bir neçə dəfə. Vəkili yoxdur, pulu yoxdur ki vəkil tutsun, ailəsi kirayə evdə, başqalarının yardımı ilə yaşayır... Mənə də Təbriz zindanından telefon edib. Mənə dedi ki, təşənnüc (qıcolma) keçirirəm, tamam bədən orqanlarım, həzm sistemim, mədəm ağrıyır,” deyə Azərdoxt söyləyir.
O, həmçinin Həbib Sasaniyanın bu günə qədər mühakimə edilmədiyini, nəzarət müddətinin hər ay daha bir ay uzadıldığını bildirir.