Accessibility links

İran məhkəməsi Şərqi Azərbaycanda 6 ‘separatçı casusu’ həbs etdiyini bildirir


İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində “separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun” həbs edildiyinə dair məlumat yayıb.

Bu haqda məlumatı yarı-rəsmi Fars xəbər agentliyi Şərqi Azərbaycan Ədliyyəsinin başqanı Hikmət Əli Müzəffəriyə istinadən nəşr edib.

Müzəffəri “dövlət sirri olan hərbi və iqtisadi sənədləri toplayıb və İran İslam Respublikasının düşmənlərinə ötürən separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun” saxlanıldığını bildirib.

Fars agentliyi tutulanlar, eləcə də, “separatçı şəbəkə” adlandırılan GAMO haqqında əlavə məlumat verməyib. Sosial şəbəkələrdə xəbərə münasibət bildirən türk fəallar GAMO-nun GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) adının səhv yazılışı olduğunu ehtimal edirlər.

İran Azərbaycanında həbs edilən türk fəallar adətən “rejimə qarşı təbliğat”, “pantürkizm”, “casusluq”, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “qanunsuz təşkilatlarda üzvlük”kimi ittihamlarla üzləşirlər.

XS
SM
MD
LG