Lənkəranda hüquq müdafiəçisinin məhkəməsi başlayıb

Emil Məmmədov

Emil Məmmədov hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. O ittihamı sifariş hesab edir

Avqustun 21-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyan rayonunda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədovun işi üzrə məhkəmə prosesi başlayıb.

Emil Məmmədov mayın 13-də Salyan rayon Polis Şöbəsi tərəfindən saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmək) maddəsi ilə ittiham irəli sürülüb.

Vəkil Fariz Namazlı bildirib ki, bu gün Emil Məmmədov sərbəst ifadə verib. O, ifadəsində bildirib ki, həbsinin səbəbi şər və böhtan əsasında olub.

Məmmədovun sözlərinə görə ictimai birliyin sədri olduğu zaman ölkə rəhbərliyini rayonda baş verən hüquq pozuntuları, büdcə yeyintiləri barədə məlumatlandırırdı.

O ifadəsində bildirib ki, heç bir vaxt zərərçəkəndən hədə qorxu ilə pul tələb etməyib .

Növbəti proses sentyabrın 5-nə təyin olunub.

Növbəti prosesdə “Demokratiyaya Yardım” İctimai Birliyinin həbsdə olan digər əməkdaşı Tofiq Qasımov da məhkəmədə ifadə verəcək.

Yerli hüquq müdafiəçiləri Emil Məmmədovu siyasi məhbus hesab edir.