“Demokratiyaya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədovun qardaşı İqrar Məmmədov Amerikanın Səsinə müsahibəsində Emil Məmmədovun məhkəməsi, ona qarşı irəli sürülən ittiham və ailəsinin çətin durumundan danışıb.
Emil Məmmədov mayın 13-dən Salyan rayon Polis Şöbəsi tərəfindən saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmək) maddəsi ilə ittiham irəli sürülüb. Salyan rayon Məhkəməsi hüquq müdafiəçisi barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Emil Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı avqustun 13-də saat 14-də təyin edilib.
“Emil məhkəməyə etirazını bildirdi və dedi ki, onun heç bir günahı yoxdur. Emil dedi ki, Salyan rayon icra başçısının qurduğu oyun nəticəsində həbs olunub. O ötən ilin dekabrından Salyan rayonuna ayrılan büdcə vəsaitinin dağıdılması ilə bağlı cənab prezidentə yazdığını məhkəmənin diqqətinə çatdırdı”.
İqrar Məmmədovun dediyinə görə, “Demokratiyaya Yardım” İctimai Birliyinin həbsdə olan digər əməkdaşı Tofiq Qasımov da məhkəmədə danışıb. “O əvvəlki ifadəsinin fiziki təzyiq altında verdiyini dedi. Qasımov ifadəsindən imtina etdi”.
Vəkillərin Emil Məmmədovun ev dustaqlığına verilməsi barədə vəsatətlərini məhkəmə baxılmamış saxlayıb.
“Emilin həbsi ailəsinə çox pis təsir edib. O ailəsinə, üç uşağına, anamıza və xəstə bacımıza baxırdı. Mən də işləmirəm, işə götürmürlər. Çox çətindir”, İqrar Məmmədov qeyd edib.