Milli fəal Elyaz Yekənli Amerikanın Səsi ilə söhbətdə ölkə xaricində “Güney Azərbaycan Milli Hərəkatına” mənsub qüvvələrin fəaliyyətini dəyərləndirib. O deyir ki, Güney təşkilatlarının heç birinin tək başına bir mitinq keçirə biləcək qədər üzvü yoxdur.
Your browser doesn’t support HTML5
Elyaz Yekənli və ABŞ-da yaşayan bəzi digər milli fəallar təqribən iki həftə əvvəl Vaşinqtonda İran İslam Respublikasının maraqlarını təmsil edən ofisin önündə aksiya keçirərək, İranda türk fəallara qarşı ağır həbs hökmlərinə etiraz bildirdilər.
Təşkilatlar var ki, bəlkə 20 ildir, 15 ildir ortaya çıxmış. Bu gün görək ki, saylarını nə qədər yüksəldə bilmişlər?Elyaz Yekənli
Elyaz Yekənli hesab edir ki, bu növ mitinqlərin keçirilməsi ancaq bəzi milli qüvvələrin birgə fəaliyyəti ilə mümkün olur. O, siyasi təşkilatların mitinq keçirə biləcək qədər üzv sayına sahib olmadıqlarını irəli sürür.
“Yəni bunlar ki, adlarını təşkilat qoyublar, bunların yurd xaricində, istər Türkiyə olsun, Avropa olsun, bunların nə qədər üzvü var? Bunlar mitinq təşkil edə bilməzlər. Çünki sayları azdır. Bir qrup edə bilməz. Bir qrupla 5 adam, 6 adam ancaq toplaşar bir yerə. Təşkilatlar var ki, bəlkə 20 ildir, 15 ildir ortaya çıxmış. Bu gün görək ki, saylarını nə qədər yüksəldə bilmişlər?” milli fəal söyləyir.
Onun fikrincə, siyasi qruplar toplumu maarifləndirmək yönündə yetərincə fəaliyyət göstərmirlər:
Bir çox işlər var ki, bu təşkilatlar vaxtından tez onlara əl atırlar. Deyirlər ki, dövlət quracayıq, bayraq çıxaracayıq.Elyaz Yekənli
“Məncə Azərbaycanın varlığı üzərə qurulmuş təşkilatlar olsaydı, millətimizi maarifləndirsəydi, onun tarixini anlatsaydı, varlığını anlatsaydı, çox işlər edə bilərdi. Amma bir çox işlər var ki, bu təşkilatlar vaxtından tez onlara əl atırlar. Deyirlər ki, dövlət quracayıq, bayraq çıxaracayıq. Baxsaq görürük ki, Dr. Zehtabi bu işi görmədi. Dr. Heyət bu işi görmədi. Amma onlar millətimizi maarifləndirməkdə çox uğurlu oldular.”
Elyaz Yekənli əlavə edir, “mən Dr. Zehtabinin çevrəsində olan biri idim. Onun öyrəncisi idim. Mən gördüm ki, bilgi verməkdə və millətimizi oyandırmaqda yarar vardır.”