"Ukrayna höküməti üçün ən təhlükəsiz versiya Saakaşvilinin Gürcüstana deportasiya edilməsi olar" [Audio-Müsahibə]

Elmir Mirzoev

Amerikanın Səsinə müsahibə verən bəstəkar, kulturoloq Elmir Mirzoev Petro Poroşenko və Mixeil Saakaşvili arasında gedən siyasi mübarizə və sabiq Gürcüstan prezidentinin Ukraynada siyasi lider kimi uğur qazana bilmək şansları haqda danışıb.

Your browser doesn’t support HTML5

"Ukrayna höküməti üçün ən təhlükəsiz versiya Saakaşvilinin Gürcüstana deportasiya edilməsi olar"

Amerikanın Səsi: Bəzi ukraynalı ekspertlər Mixeil Saakaşvilinin “sərhəd əməliyyatı” ilə Ukraynaya qayıtdıqdan sonrakı fəaliyyətini siyasi intihar hesab edərək, bunu Rusiyanın əlinə oynamaq kimi qiymətləndirib. Ukrayna prokurorluğu öz növbəsində Yeni Qüvvələr hərəkatının fəaliyyətini Rusiya tərəfindən maliyyələşən “Rus Qışı” əməliyyatı hesab edərək məhkəmə iddiası qaldırıb. Sizcə bu iddialar nə dərəcədə həqiqəti özündə əks etdirir?

Saakaşvilini çox şeydə günahlandırmaq olar, amma onu Putinin planlarını yerinə yetirməkdə günahlandırmaq tamamilə absurddur.

Elmir Mirzoev: Mənə elə gəlir ki, bütün bu iddialar tamamilə uydurma və gülünc iddialardır. Çünki, Saakaşvilini çox şeydə günahlandırmaq olar amma onu Moskvay ilə əlaqədə, Putinin planlarını yerinə yetirməkdə günahlandırmaq tamamilə absurddur və buna görə də belə ittihamlar heç kimə inandırıcı gəlmir.

Yeri gəlmişkən, Gürcüstanda ona qarşı qaldırılmış cinayət işində də konkret bir korrupsiya əməlini sübuta yetirib, dünyaya göstərmədilər. Əlbəttə ki, mən düşünmürəm Saakaşvili mələkdir və ya heç bir günahı yoxdur. Yəqin ki, onun da çox səhvi var. Sadəcə prezident olduğu dövrdə onun etdiyi əməllərində konkret hansı cinayət tərkibi olduğunu göstərib, sübut etmək mümkün olmayıb. Ukraynadakı ittihamlar isə tamamilə əsassızdır. Ukraynanın baş prokuroru Yuri Lutsenko da bununla bağlı hər hansı bir ciddi səbəb və ya sübut gətirə bilməyib.

Heç bir insan onun razılığı olmadan vətəndaşlıqdan çıxarıla bilməz

O ki, qaldı Saakaşvilinin yenidən Ukraynaya qayıtması məsələsinə, düşünürəm ki, bu, onun vətəndaş kimi tam haqqı idi. Çünki, heç kim insanı onun razılığı olmadan vəsiqəsini daşıdığı ölkənin vətəndaşlığından məhrum edə bilməz. Bildiyimiz kimi Petro Poroşenko bu ilin iyul ayında, Saakaşvili Ukraynada olmadığı bir zamanda onu vətəndaşlıqdan məhrum etməsi qanunsuz əməl idi. İstənilən vətəndaşın da bu qərardan appelyasiya şikayəti vermək, etiraz etmək hüququ var. Saakaşvili də bunu etdi.

Amerikanın Səsi: Petro Poroşenkonun bir çox tərəfdarı seçkilərdə iştirak etmək hüququna malik olmayan Saakaşviliyə qarşı bu cür repressiv siyasət aparmasını gərəksiz hesab edir. Siz necə düşünürsüz, Saakaşvilini Poroşenko höküməti üçün ciddi təhlükə saymaq olarmı?

Keçmiş Gürcüstan Prezidenti Mixail Saakaşvilin Kievdə keçirilən məhkəməsi. 11 dekabr, 2017

Elmir Mirzoev: Ukraynanı tanıyan və kənardan baxan biri kimi deyə bilərəm ki, əslində ölkədə o qədər də ciddi bir təhlükə yox idi. Amma sanki belə bir təəssürat var ki, Poroşenko və onun yaxın müttəfiqi olan Ukraynanın hazırki Daxili İşlər Naziri Arsen Avakovla birləşib, etdiyi əməllərlə Saakaşviliyə daha çox şans qazandırdılar. Çünki, bunların hakimiyyətdə olduğu üç il yarım müddət ərzində müharibədə olan bir ölkə kimi heç bir köklü islahatlar edilmədi.

Poroşenko hakimiyyətə gəldikdən sonra ölkədə rüşvət və korrupsiya halları artmaqda davam etdi.

Maydan hadisələrindən sonra Yuşenkonun Regionlar Partiyasından olan Poroşenkonun seçilməsi kompromis addım kimi qitmətləndirildi. Onun seçilməsi sanki cəmiyyəti birləşdirmək üçün bir addım idi. Amma bu hansısa nəticələrə gətirib çıxarmadı. Arsen Avakovun Daxili işlər Naziri olduğu müddətdə isə ölkədəki korurpsiya ya nəinki son qoyuldu, əksinə, müşahidəçilərin fikrincə ölkədə rüşvət və korrupsiya halları daha da artmaqda davam etdi.

Hətta Avropa Birliyinin tələbi ilə yaradılan Ukrayna Milli Anti-Korrupsiya Bürosu (UMAB) Arsen Abakovun oğlunun da korrupsiyon əməllərində iştirakını aşkarladı. Avropa Birliyi Ukraynaya qapıları açanda ilk tələblərindən biri məhz ölkədə korrupsiya əleyhinə mübarizəni qoymuşdu və həmin vaxt “UMAB” çox qətiyyətlə işləyirdi. Arsen Abakovun oğlunun saxlanılmasına da buna sübut idi. Lakin, daha sonra bu təşkilatın fəaliyyətində problelər yaradıldı, təşkilatın rəhbəri Artem Sitnik vəzifəsindən kənarlaşdırılmaq həddindədir, Ali Radanın korrupsiya əleyhinə komitəsinin rəhbəri Yeqor Sobolev işindən azad edilib.

Bu ölkədə böhran artıq çoxdan yetişmişdi.

İndiki baş vermis böhranın heç biri əslində Saakaşvilinin başlatdığı böhran deyildi. Bu ölkədə böhran artıq çoxdan yetişmişdi. Yeri gəlmişkən, Saakaşvilinin birinci həbs edildiyi 5 dekabr günü Yeqor Sobolev orda idi və çıxış edərək qeyd etmişdi ki, korrupsiya bu ölkədə hədsiz səviyyədədir və bunun da kökü prezident Poroşenko və daxili işlər naziri Arsen Abakova qədər gedib, çıxır.

Yəni, ölkədə ən ali hakimiyyətdən doğan korrupsiya var.

Amerikanın Səsi: Bəzi təhlilçilər hesab edir ki, Ukrayna höküməti Saakaşvilinin ölkəyə qayıtmasına mane olmaqla onun populyarlığını artırdıqlarını başa düşdükləri üçün ona yaxın ikinci dərəcəli aktivistləri həbs və deportasiya edir. Sizcə bu taktika güclənməkdə olan etirazı azaltmaq üçün nə dərəcədə uğurlu ola bilər?

Ukrayanaya vizasız gediş-gəliş imkanı yaradılanda birinci şərt ölkədə korrupsiyaya qarşı mübarizə aparılması idi.

Elmir Mirzoev: Yanukoviçi hökümətini məhvə gətirən bu taktika mövcud hakimiyyətə heç bir dividend qazandırmayacaq. Saakaşvilinin ətrafındakı Gürcüstandan gəlmiş kadrların bir çoxu artıq Gürcüstana deportasiya edilib. İndi də ən kəskin məsələ məhz bundadır. Yəqin Ukrayna höküməti üçün ən təhlükəsiz versiya Saakaşvilinin Gürcüstana deportasiya edilməsi olar. Çünki, Gürcüstanda onu cinayət işi gözləyir. Amma maraqlısı budur ki, Petr Poroşenko 2015-ci ildə Saakaşviliyə vətəndaşlığı verdiyi zaman demişdi ki, onu heç bir halda Gürcüstana deportasiya etmək olmaz. İndi isə bu prezident iki il əvvəl dediyi sözü necə təkzib edərək, vətəndaşlıq verdiyi insanı Gürcüstana necə deportasiya edəcəyi maraqlıdır. Başqa bir versiyasi isə Saakaşvilinin yenidən, ya Polşaya, ya da hansısa başqa bir Avropa ölkəsinə deportasiya edilə bilməsidir. Amma bu da o qədər inandırıcı ssenari kimi görünmür.

Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik əməkdaşları tərəfindən həbs edilir. 5 dekabr, 2017.

Ukrayna ilə məsələ aydındır. Ölkə Avropa Birliyi qarşısında götürdüyü tələbləri yerinə yetirmir. Ukrayanaya vizasız gediş-gəliş imkanı yaradılanda birinci şərt ölkədə korrupsiyaya qarşı mübarizə aparılmalı olduğu idi. Mənə belə gəlir ki, ölkədə böhran həddi artıq yetişib. Məsələ Saakaşvilinin şəxsiyyətində yox, ölkənin bir sabit dövlət kimi rəvac tapa bilməməsindədir. Represiyalar isə bu prosesi daha da sürətləndirəcək.

Amerikanın Səsi: Ukrayna hökümətinin apardığı bu cür siyasət Avropa Birliyi ilə aralarında imzaladıqları vizasız gediş-gəliş razılaşmasına hansı təsirləri ola bilər və bu razılaşmanın sonlandırılmasına səbəb ola bilərmi?

Nə Avropa Birliyi, nə də Ukrayna vətəndaşları bu hakimiyyətdən yaxşı bir şey gözləməsinlər.

Elmir Mirzoev: Saakaşvilini ilk dəfə həbs etməyə çalışdıqları 5 dekabrdan sonra Avropada bu cür bir çox fikirlər səsləndirildi. Əgər bir ölkədə kifayət qədər məhşur bir siyasi fiqurun əlindən vətəndaşlığı bu dərəcədə rahat alınırsa, “UMAB” kimi bir təşkilatın rəhbəri çox rahatlıqla uzaqlaşdırılırsa, Radanın deputatı rəhbərlik etdiyi komitədən uzaqlaşdırılırsa, deməli, bu ölkədə korrupsiyaya qarşı nəinki mübarizə mövcuddur, əksinə buna qarşı mübarizə aparanların özünə qarşı təzyiqlər göstərilir. Buna görə də Avropadan səslər gəlməyə başladı ki, sərhədlər bağlansın.

Hadisələrin gedişi onu göstərdi ki, nə Avropa Birliyi, nə də Ukrayna vətəndaşları bu hakimiyyətdən yaxşı bir şey gözləməsinlər. Hətta Poroşenko prezident olduğu bu üç il ərzində nə qədər tənqid olunmasına baxmayaraq Rusiyada sahibi olduğu şokolad biznesindən vaz keçmədi. Təsəvvür edin ki, ölkənin prezidentinin düşmən sayılan, torpaqlarını işğal edən ölkənin ərazisində biznes idarə edir. Arsen Abakov isə ölkənin Daxili İşlər Naziri kimi kriminalitetə bənzər hərəkətləriylə məşhurdur. Bütün bunlar onu göstərir ki, Avropa Birliyinin və Ukrayna əhalisinin bu hakimiyyətdən korrupsiya ilə mübarizə aparmasını, ölkənin sabitləşdirməsini gözləməkləri əbəsdir.