“Ayaz Mütəllibovun prezident İlham Əliyevə etdiyi müraciətlə bağlı olaraq onun həbsi ilə əlaqədar qərarın icrası müvəqqəti dayandırılıb”. Bu barədə Azərbaycan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova yerli mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ayaz Mütəllibov iyulun 22-də oğlunun ağır xəstəliyi ilə əlaqədar prezident Əliyevə müraciət edərək ölkəyə qayıtmasına şərait yaradılmasını xahiş edib.
”Cənab Prezident ölkəmizdə formalaşmış dövlətçilik siyasətinin humanizm prinsipindən və xalqımızın milli adət-ənənələrindən çıxış edərək A. Mütəllibovun oğlunun ağır xəstəliyi ilə əlaqədar ölkəyə qayıtmasına razılıq verib. A. Mütəllibov həmin ərəfədə Azərbaycana gələ bilməyib, indi isə oğlunun vəfatı ilə əlaqədar Azərbaycana qayıdıb. Ona Rusiyadakı səfirliyimiz tərəfindən ölkəyə qayıtmaq üçün qayıdış şəhadətnaməsi verilib. Ayaz Mütəllibov bu humanist addıma görə cənab Prezidentə öz minnətdarlığını bildirib”.
Onun dediyinə görə, milli adət-ənənəyə uyğun olaraq Ayaz Mütəllibova oğlunun yas mərasimini yola vermək üçün şərait yaradılıb. “İnsani baxımdan belə hüzn məqamında insanları öz dərdləri ilə baş-başa qoymaq daha məqsədəuyğun olardı. Belə hüzn məqamından və Azərbaycan prezidentinin bununla bağlı atdığı insanpərvər və mərhəmətli addımdan hər hansı siyasi spekuliyasiya məqsədilə istifadə etmək ən azı milli dəyərlərimizə hörmətsizlikdir. O ki, qaldı Ayaz Mütəllibov barəsindəki cinayət işinə, doğrudur, belə cinayət işi mövcuddur, həmin cinayət işi siyasi xarakter daşımır. Ayaz Mütəllibova qarşı Cinayət Məcəlləsinin konkret maddələri üzrə ittihamlar irəli sürülüb.
Ayaz Mütəllibovun ittiham olunduğu 20 yanvar və Xocalı hadisələri ilə bağlı ilk cinayət işləri məhz AXCP-nin iqtidarda olduğu dövrdə başlanıb. O, həmçinin hakimiyyəti zorla ələ keçirməyə hazırlıqda və digər ağır cinayətlərin törədilməsində də ittiham olunur. Həmin cinayətlərə görə konkret şəxslər artıq məhkum olunublar. Lakin, Ayaz Mütəllibovun Azərbaycan prezidenti cənab İlham Əliyevə etdiyi müraciətlə bağlı olaraq onun həbsi ilə əlaqədar qərarın icrası müvəqqəti dayandırılıb”, - deyə o qeyd edib.
Öz növbəsində, Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə Amerikanın Səsi radiosuna bildirib ki, Ayaz Mütəllibov yalnız oğlunun yası ilə əlaqədar Azərbaycana gəlib. “Azərbaycana gəlməsinə şərait yaratdığına görə Mütəllibovlar ailəsi ölkə prezidentinə minnətdardır”, - deyə o qeyd edib.
Eks-prezident Ayaz Mütəllibov 19 ildir ki, siyasi mühacirətdədir. O Rusiyanın paytaxtı Moskvada yaşayır.
Cənab Mütəllibovun oğlu Azad Mütəllibov avqustun 8-də uzun sürən onkoloji xəstəlikdən vəfat edib.