Your browser doesn’t support HTML5
Əfqan Muxtarlının sözlərinə görə, hazırda Gürcüstanda Azərbaycandan xeyli sayda mühacir yaşayır. Bunların əksəriyyəti siyasi partiya fəalları, jurnalist və qeyri-hökümət təşkilatlarının üzvləridir. Ölkədən Gürcüstana mühacir axını 2014-cü ilin sonlarında hökümətin repressiyaları gücləndirməsi, AzadlıqRadiosu və Meydan TV-yə qarşı cinayət işi başlatması, Xədicə İsmayılın həbsi, həmçinin bir sıra QHT-lərin bağlanmasından sonra artmışdı. Onların bəziləri üçüncü bir ölkəyə getsələr də, bəziləri hələ də burda yaşayıb, fəaliyyət göstərirlər.
Gürcüstan dövləti oturum icazəsi verilməməsinə səbəb kimi onların burda qalmasının ölkənin milli maraqlarına zidd olması, Gürcüstanda yaşayan yerli və xarici əhaliyə qarşı təhlükə yaratdığını göstərib
Jurnalist bildirir ki, Gürcüstanın son parlament seçkilərinə qədər burda yaşayanların fəaliyyətinə heç bir çətinlik yaratmırdılar. Lakin seçkilərdə Gürcü Arzusu partiyasının təkbaşına hakimiyyətə gəlməsindən sonra vəziyyət köklü şəkildə dəyişildi, ölkədə iş icazəsi vasitəsilə oturum alan insanlara qarşı çətinliklər yaradılmağa başladı.
Ən təəssüfedici məqam da odur ki, bu açıqlamanı Gürcüstanın insan haqqları təşkilatı olan Ombusdman aparatı verib.
Əfqan Muxtarlı orda yaşamaqlarının Gürcüstanın milli-iqtisadi maraqlarına zidd olduğunu bildiklərini, lakin onun və ya başqa mühacirlərin ölkə vətəndaşları üçün hansı fiziki təhlükə yaradıqları barədə heç biz məlumat verilmədiyini qeyd edib.
Bu günə qədər izah etməyiblər ki, biz ölkə üçün hansı təhlükələr yaradırıq
“Biz başa düşürük ki, Gürcüstan höküməti öz milli maraqları dedikdə Azərbaycanla aralarında olan böyük enerji layihələrini nəzərdə tutur. Təkcə elə SOCAR-ın Gürcüstanın ən böyük vergi ödəyicisi olması faktı buna sübutdur. Eyni zamanda Əliyevlər ailəsi bu ölkəyə milyonlar dəyərində invest ediblər. Biz burada yaşayıb, fəaliyyət göstərməyimizlə bu layihələrə mane oluruq.”
Son 5-6 ayda fəaliyyət imkanlarının məhdudlaşdırıldığını bildirən Əfqan Muxtarlı Gürcüstanın qeyri-hökümət təşkilatlarını üzərlərinə düşən vəzifələri yerinə yetirməməkdə günahlandırır.
Onlar istəyirlər ki, biz buranı tərk edib, gedək
“Yerli hökümət bütün sahələrdə burda fəalları sıxışdırmağa başlayıb, onların hər hansı bir fəaliyyətlə məşğul olmasına problemlər yaradırlar. Təəssüf ki, başda Ombudsman aparatı olmaqla heç bir yerli QHT-lər bununla maraqlanmır, problemləri görməzdən gəlirlər. Onlar istəyirlər ki, biz buranı tərk edib gedək.”
Əfqan Muxtarlı bildirib ki, Azərbaycan hakimiyyətinin səyi nəticəsində Gürcüstanın Apellyasiya məhkəməsi tərəfindən oturum qərarı ləğv edilən Müsavat fəalı Daşqın Ağalarlı Azərbaycana deportasiya olunması təhlükəsi altındadır.
“Tiflis şəhər məhkəməsin onun siyasi mühacirlik müraciətinə müsbət cavab versə də, Apellyasiya məhkəməsi absurd səbəblər göstərərək bu qərarı ləğv edib. 1 aydan da qısa vaxt ərzində ölkəni tərk etməlidir. Lakin hara və necə tərk etməlidir, bu haqda heç bir məlumat vermirlər.”
Jurnalist qeyd edib ki, BMT-nin Qaçqınlar Üzrə Ali Kommissarlığının 2 il əvvəl Daşqın Ağalarlıya bütün prosesi bitirdikdən sonra 3-cü bir ölkəyə aparılacağını bildirmişdilər.
Son iki ərzində Daşqın bəy bütün prosedurlardan keçib, sənədlərini tamamladıqdan sonra BMT-nin Ali Komissarlığı 3-cü ölkəyə köçürülmə ilə bağlı öhdəliyinə əməl etməkdən imtina edir. Üstəlik heç bir səbəb göstərmir.
Daşqın Ağalarlının Azərbaycana deportasiya olunduğu halda ikinci Mehman Qələndərov hadisəsinin yaşanacağına əmin olan Əfqan Muxtarlı bununla bağlı narahatlığını bildirib və beynəlxalq təşkilatları, hüquq müdafiəçilərini köməyə səsləyib.
“Əgər həm Azərbaycan, həm Gürcüstan QHT-ləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən əməli addımlar atılmasa, burda yaşayanların hamısının həyatı təhlükədədir.”
Bu ayın əvvələrində hökumətpərəst haqqin.az saytının redaktoru Eynulla Fətullayevin Gürcüstanda yaşayan mühacirləri hədəf alan yazısına münasibət bildirən Əfqan Muxtarlı qeyd edib ki, bu yazı birbaşa hakimiyyətin sifarişi ilə yazılıb və başdan-ayağa yalan məlumatlardan ibarətdir. Onun sözlərinə görə, təəssüf ki, bu yazıdan sonra Gürcüstan höküməti orda yaşayan fəallara qarşı təzyiqi artırıq. Bunun da nəticəsi olaraq Daşqın Ağalarlı barədə qətnamə çıxarıldı və yazıda adı çəkilən Fərman Ceyranov bir neçə gün öncə həbs edilib.
Gələcəkdə də hökümət tərəfindən olunan bu təzyiqlərin daha çox artacağını düşünən jurnalist Əfqan Muxtarlı Gürcüstanda yaşayan fəalların Azərbaycana qayıdacağı təqdirdə həbs olunacaqlarına və həyatlarına böyük təhlükələrin yaranacağına əmin olduğunu qeyd edib.