Çörəyin bahalaşması fonunda Şərqi Azərbaycanda çörək mağazalarına nəzarət üçün 45 təftiş komandası təyin edilib

İranda un və un məhsullarının qiymətində dramatik artım fonunda Şərqi Azərbaycan vilayətinin polis idarəsi və digər dövlət qurumları çörək dükanlarına nəzarətin gücləndirilməsi yönündə birgə fəaliyyətə başlayıblar.

Şərqi Azərbaycanın kənd təsərrüfatı məhsulları bazarına nəzarət qurumu bu barədə məlumat verib.

Qurumun direktoru Hüseyn Qərib 45 birgə təftiş komandasının yardımı ilə çörək mağazalarına nəzarətin gücləndirildiyini bildirib. O, qanuna riayət etməyən çörəkçilərin ciddi şəkildə cəzalandırılacağını ifadə edib.

“Ölkədə çörəkçilərə nəzarətin gücləndirilməsi ilə paralel olaraq Şərqi Azərbaycan vilayətinin kənd təsərrüfatı idarəsinin ekspertlər və müfəttişləri, dövlət penitensiar idarəsi və iqtisadi təhlükəsizlik polisinin iştirakı ilə təşkil olunmuş 45 birgə təftiş komandası davamlı şəkildə səhər və axşam növbələrində çörəkçilərə nəzarət edəcəklər,” Hüseyn Qərib söyləyib.

Son bir həftədə İranda unun qiymətinin 13 dəfə artması ilə bərabər bəzi çörək növləri də eyni dərəcədə bahalaşıb. Dövlət ənənəvi çörək subsidiyası veriləcəyini açıqlayıb. Açıqlamalara görə, ödəniləcək çörək subsidiyası adambaşına günlük 250 qram çörəyə bərabərdir.

Dövlət digər un məhsulları, o cümlədən makaron, müxtəlif çörək növləri və şirniyat qiymətlərində dramatik artımla əlaqədar vəd verməyib.