Dunya Miyatoviç Azərbaycan hakimiyyətini həbsdə olan jurnalist və blogeri azad etməyə çağırıb

Dunya Miyatoviç Azərbaycan hakimiyyətini həbsdə olan jurnalist və blogeri azad etməyə çağırıb

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O görüşlərində məhkum jurnalistlərin və blogerlərin azadlığa buraxılmasını, internet azadlığı, diffamasiyanın dekriminallaşdırılmasını, Amerikanın Səsi, “Azadlıq”, BBC radiostansiyalarının məsələlərini qaldırıb. Prezident Əliyev vəd edib ki, Azərbaycanda İnternet azad fəaliyyət göstərəcək.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycan rəhbərliyilə görüşündə məhkum jurnalistlərin və blogerlərin azadlığa buraxılmasının vacibliyi məsələsini qaldırıb. Söhbət əsasən jurnalist Eynulla Fətullayev və bloger Cabbar Savalandan gedib. Bu barədə xanım Miyatoviç bu günki mətbuat konfransında bildirib.

O həmçinin deyib ki, Azadlıq qəzetinin jurnalistləri Seymur Həziyev və Ramin Dekoya hücum edənlər tapılıb cəzalandırılmalıdır. Xanım Miyatoviç Azərbaycanda media azadlığı probleminin tezliklə həllini tapacağına inanır. O, bu məsələni mayın 9-13-də Bakıya səfəri zamanı müzakirə edib.

Xüsusi nümayəndə diffamasiyanın dekriminallaşdırılması məsələsinin hökumətlə müzakirəsini yaxşılığa doğru dəyişiklik adlandırıb. “Belə ki, hakimiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfransda diffamasiya haqqında qanun layihəsindən danışılıb. Hakimiyyət “Diffamasiya haqqında” qanunu mümkün qədər tez qəbul etməlidir. Mən həm də dedim ki, qanunun qəbulundan sonra daha çox iş görülməlidir. Diffamasiyaya görə həbslər ləğv olunmalı, cərimələr adekvat olmalıdır”.

Xanım Miyatoviç həbsxanada jurnalist Eynulla Fətullayevə baş çəkdiyini bildirib. “Onun “yüksək ruhda” olması məni sevindirdi. Koloniya rəhbərliyi bildirdi ki, cənab Fətullayevin təhlükəsizliyini təmin edəcək”.

Prezident İlham Əliyevi Eynulla Fətullayevi azad etməyə çağırıb-çağırmaması ilə bağlı suala xanım Miyatoviç müsbət cavab verib. “Eynulla Fətullayevlə yanaşı, prezidentlə görüş zamanı məhkum olunmuş gənc blogerlərin, əsasən bu günlərdə həbs olunmuş Cabbar Savalanını məsələsini qaldırdım. Prezidentlə görüşüm müsbət atmosferdə keçdi. Eynulla Fətullayev və Cabbar Savalanlının tezliklə azad olunacağına ümid edirəm”.
Cabbar Savalanın işi ilə bağlı xüsusi nümayəndə qeyd edib ki, hökumət sosial şəbəkələrdə vətəndaşların azad fikirlərinə dözümlü olmalıdır. “Prezident Əliyev vəd etdi ki, Azərbaycanda İnternet azad fəaliyyət göstərəcək. Bəzi ATƏT ölkələrində İnternetdə informasiyanın sərbəst yayımlanmasına əngəllərin olması fonunda bunu “çox vacib” adlandırıram. Azərbaycan hakimiyyəti jurnalistlərin heç bir qorxu olmadan istənilən mövzuda sərbəst yaza bilməsi barədə mənim fikirlərim ilə razılaşır. Bu mənada mən hakimiyyəti “Azadlıq” qəzetinin əməkdaşlarının (Seymur Həziyev və Ramin Deko) oğurlanması və döyülməsi ilə bağlı son iki hadisəni araşdırmağa, həmçinin Elmar Hüseynovun qətlinin sifarişçilərini və icraçılarını tapıb cəzalandırmağa çağırıram”. Xanım Miyatoviçin fikrincə, hökumət, ictimaiyyət və vətəndaşlar jurnalistlərə fiziki hücumlara yol verməməlidir. “Mən həmçinin Azərbaycan hakimiyyətini Milli Televiziya və Radio Şurasında islahatlar aparmağa, onun müstəqilliyini təmin etməyə çağırıram. Yalnız belə olan halda teleradioda plüralizmi təmin etmək olar. Şura yayım üçün lisenziyaların verilməsinin şəffaflığını təmin etməlidir”.

Xüsusi nümayəndənin Amerikanın Səsi, “Azadlıq”, BBC radiostansiyalarının yerli tezliklərdə yayımının dayandırılması ilə bağlı suallarına hakimiyyətin cavablarının onu qane etmədiyini bildirib. “Hakimiyyət bu problemlərin həllində ATƏT-lə əməkdaşlıq edəcəyini bildirdi. Bundan sonra da Azərbaycanda vəziyyəti diqqətlə izləyəcəyəm. Lakin irəliləyiş görməsəm, heç bir tərəddüd etmədən dünya birliyinə müraciət edəcəm”, - deyə o vurğulayıb.