Davud Turan: Ana dilinin gündəmdə olması milli hərəkatın uğurudur [Audio-Müsahibə]

Davud Turan

Siyasi şərhçi Davud Turan Amerikanın Səsi ilə söhbətdə Təbriz Universitetində Türk Dili və Ədəbiyyatı bölümünün açılması, məktəblərdə türk dilində təhsil haqqı tələbinin millət vəkilləri səviyyəsində mütəmadi olaraq səsləndirilməsi, eləcə də İran Parlamentində Türk Fraksiyasının təşkilinə dair təşəbbüslərin gündəmdə olduğu bir dönəmdə İran Azərbaycanında cərəyan edən milli hərəkatın durumunu dəyərləndirib. Bu yenilikləri türk fəallar və milli hərəkatın uğuru kimi hesab edən Davud Turan türk dilində təhsilin ibtidai məktəbdən orta məktəbədək təmin edildiyinə qədər etirazların davam edəcəyini deyir.

Your browser doesn’t support HTML5

Davud Turan milli hərəkatın nailiyyətlərini şərh edir

“Milli Hərəkatın ortaya çıxış səbəblərinin ən önəmlisi ana dili və ana dilində təhsil məsələsi olub," Turan bildirir. "Bu gün İran hakimiyyəti ya Ruhani höküməti nə qədər məhdud şəkildə olsa da ya verdiyi sözlərdən geri addım atıb fərqli şəkildə təqdim etməyə çalışsa da, bir addımlar atıb. O cümlədən, Təbriz Universitetində Türk dili bölümü... Mən buna yaxşı baxıram.”

ABŞ-da mühacirətdə yaşayan milli fəalın fikrincə, milli hərəkatın genişlənməsi nəticəsində İran hakimiyyəti ana dili mövzusunda inkar siyasətindən geri çəkilib.

Azərbaycan Milli Hərəkatı illərdir nə üçün mücadilə verir? Bəlli istəkləri İran hakimiyyətinə qəbul etdirmək üçün.
Davud Turan

“Yeni olaylar milli hərəkatı fərqli mərhələyə apara biləcək. [Çünki] hakimiyyət indi bir addım geri gedibdir. İnkardan gəlib bunu qəbul etməyə və istəyir həyata keçirsin və indi həyata keçirmə şəklində mübahisə başlayır. Bunların mübahisəyə açılması özü önəmlidir və başarı əldə etməkdir. Keçən günlərdə biri dedi ki, burada Təbriz ləhcəsi və şivəsi mərkəzə alınacaqdır. Bunlar mübahisəyə qoyulmalı, bilimsəl və elmi olaraq danışılmalıdır. Bölümdə dərsliklərin və qaynaqların nə şəkildə olacağı mübahisəyə qoyulmalıdır.”

Turan baş verənləri milli hərəkatın uğuru kimi dəyərləndirir: “Bu bir başarıdır. Azərbaycan Milli Hərəkatının başarısıdır. İllərdir mücadilə verilir. Nə üçün? Bəlli istəkləri İran hakimiyyətinə qəbul etdirmək üçün.”

Avqust ayında türk millət vəkilləri türkcənin məktəblərdə tədrisinə dair prezident Həsən Ruhaniyə birgə məktub yazdılar.


“Bəziləri deyir, bu hakimiyyətin oyunlarıdır, biz buna qarşı durmalıyıq... Belə bir şey yoxdur. Belə etsək, meydanın tamamını hakimiyyətə buraxmış olarıq. Hakimiyyətin əlinə bir kard vermiş olarıq ki bunu istədikləri şəkildə həyata keçirib və heç təpki görməsinlər,” deyə Davud Turan milli fəalların indiki şəraitdə siyasi arenada olmalarının zəruri olduğunu vurğulayır.

O, müsbət dəyərləndirdiyi bu yeniliklərə baxmayaraq etirazların türk dilində təhsilin ilk məktəbdən orta məktəbə qədər təmin edildiyi zamana qədər davam edəcəyini önə çəkir.

Siyasi şərhçi həmçinin İran Parlamentində Türk Fraksiyasının təşkili istiqamətində yürüdülən fəaliyyətlər, eləcə də türk dilində təhsil haqqı tələbəninin millət vəkilləri səviyyəsində mütəmadi olaraq səsləndirilməsi ilə bağlı öz düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

Yerli məsullar görürlər ki Azərbaycan əhalisinin istəkləri türk dili üzərində qurulubdur.
Davud Turan

“Millət vəkilləri bunu görürlər ki Azərbaycanın dərdləri ilə əlaqələndikləri zaman, bu istəkləri səsləndirdikləri zaman daha çox gündəmdə ola bilirlər, onları dəstəkləyən insanlar çox olur. Biz bunun adını qoymasaq da Azərbaycanda öz varlığını göstərən hərəkat Azərbaycan Milli Hərəkatıdır. Təşkilatlanıb orqanizə şəkildə çalışmasına icazə verilməsə də, hərəkat öz şəbəkələrini Azərbaycanın bütün şəhərləri və kəndlərində yayıbdır. Bunlar yerli məsullarla da irtibat qura biliblər. Məsullar da bunu hiss edir, istəmir o bölgədə istənilməyən biri olsun. Əlbəttə ki o məsul o şəhərdə sevilmək istəyir, çünki onun inkişafı da buna bağlıdır. Bunlar görürlər ki, Azərbaycan əhalisinin istəkləri türk dili üzərində qurulub,” Davud Turan əlavə edir.