Azərbaycan Milli Hökümətinin ildönümü mərasiminə qatıldığı üçün İran məhkəmələri tərəfindən 9 ay müddətinə həbsə məhkum edilmiş güneyli fəal Daryuş Əndəlibiyan Amerikanın Səsi ilə söhbətdə məhkəmənin İran təhlükəsizlik qurumlarının göstərişi ilə hökm çıxardığını vurğulayır.
Saxlanma günündən həbsxana və məhkəmə prosesinə qədər Ettelaat məmurları və hakimlər tərəfindən dəfələrlə pis rəftar və qanunsuzluğa məruz qaldığını ifadə edən güneyli fəal həmçinin özü və həbsə məhkum olan digər dostlarının fəaliyyətləri və tələblərinin qanunlara uyğun olduğunu söyləyir.
Your browser doesn’t support HTML5
Qazi heç danışmağımıza imkan vermədi. O dedi ki, bizim danışmağımıza gərək yoxdur və sənədlər hər şeyi açıq göstərir.Daryuş Əndəlibiyan
Daryuş Əndəlibiyan, Həbib Mənafi Azər, Cavad Sudbər, Yusuf Muxtari və Muxtar İbrahimi keçən il dekabrın 12-də Qərbi Azərbaycanın Qoşaçay (Miyandab) şəhərində 1945-46 illərində Seyyid Cəfər Pişəvəri öndərliyində qurulmuş Azərbaycan Milli Hökümətinin ildönümünü qeyd edərkən Ettelaat məmurları tərəfindən həbs ediliblər.
Əndəlibiyan tutulma günündə məmurların onların özləri ilə və ailələrinə qarşı sərt güc tətbiq etdiklərini dilə gətirir.
“Milli Hökümətin ildönümünü qeyd etmək məqsədi ilə 2013-cü il dekabrın 12-də həmin hökümətin qurulmasında iştirak etmiş Xanəli Mütiyinin məzarının yerləşdiyi kəndə getdik. Ettelaat məmurları bizdən öncə oradaydılar... Onlar kişiləri döyüb, qadınlara bibər qazı ilə hücum etdilər. Tutulanlardan biri Həbib Mənafi Azərin iki qabırğası sındı və xəstəxanaya yatırıldı,” deyə Daryuş Əndəlibiyan mərasim günündə onları həbs edən təhlükəsizlik qüvvələrinin davranışını təsvir edir.
Daryuş Əndəlibiyan və digər dörd fəal 11 gün sorğu-sual edildikdən sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb və daha sonra Mahabad İnqilab məhkəməsi tərəfindən 91 gündən 9 aya qədər həbsə məhkum ediliblər. Onlar hökmə etiraz etsələr də, Qərbi Azərbaycan vilayətinin Apellyasiya Məhkməsi bu yaxınlarda çıxarılan hökmün qüvvədə saxlandığını bildirib.
Həmin hökmə görə, 9 ay həbs cəzası almış Əndəlibiyan nəzarət və mühakimə zamanı vəkillə təmin olunmadığını, habelə etmədiyi fəaliyyətlərə dair sənədlər imzalamaq üçün basqıya məruz qaldığını söyləyir.
O, özü və dostlarına qarşı çıxarılan həbs hökmünün həm dünya qanunları, həm də İran İslam Respublikasının öz qanunlarına zidd olduğunu vurğulayır.
“Bizi apardıqları həbsxanada 60 nəfər üçün 21 təxt var idi. Qışın soyuğunda yerdə yatırdıq... Onlar bizə vəkil vermədi, biz də həbsxana xarici ilə hər hansı təmasımız olmadığı üçün vəkil tuta bilməzdik,” deyə qoşaçaylı fəal nəzarət altında saxlanıldıqları günlər haqqında danışır.
Onun sözlərinə görə, Mahabad (Soyuqbulaq) İnqilab Məhkəməsinin hakimi onlara özlərini müdafiə etmək imkanı tanımayıb:
“Qazi heç danışmağımıza imkan vermədi. O dedi ki, bizim danışmağımıza gərək yoxdur və sənədlər hər şeyi açıq göstərir. Qazinin sənədlər dediyi, bizim ötən illərdə Milli Hökümətin ildönümü və siyasi məhbuslarla bağlı keçirdiyimiz mərasimlərdə çəkdiyimiz şəkillər idi. Bu şəkilləri biz özümüz internetdə yaymışdıq.”
Milli Hökümətin ildönümünü qeyd etmək məqsədi ilə 2013 dekabrının 12-də həmin hökümətin qurulmasında iştirak etmiş Xanəli Mütiyinin məzarının yerləşdiyi kəndə getdik. Ettelaat məmurları bizdən öncə oradaydılar... Onlar kişiləri döyüb, qadınların üzərinə bibər qazı ilə hücum etdilər.Daryuş Əndəlibiyan
Güneyli fəal qanuna qarşı heç bir addım atmadığını, qanunlar çərçivəsində özü və xalqının haqlarını tələb etdiyini vurğulayır.
“Biz türk dilində təhsil haqqı istəyirik. Bu haqqı İranın ana yasası da tanıyıb. Prezident Həsən Ruhani də öz seçki kampaniyalarında elə bizim bu tələblərimizi vəd edirdi,” deyə söyləyən Əndəlibiyan Ettelaat idarəsinin onlara qarşı tətbiq etdiyi basqılara etiraz edir.
“Təcdid Nəzər (apellyasiya) məhkəməsinin eyni hökmü təsdiq etməsi bizi təəcübləndirmədi. Çünki, onlar adətən Ettelaatın sifarişinə görə qərar çıxarırlar,” deyə o əlavə edir.
1945-ci ilin dekabrında Seyyid Cəfər Pişəvərinin öndərliyi ilə qurulan Azərbaycan Milli Höküməti 1946-cı ilin dekabrında İran ordusunun Azərbaycan şəhərlərinə hücumu ilə devrilmişdi.
“İran ordusu bir gurultu ilə Azərbaycana geri döndü. Əsgərlər başıpozuq şəkildə yağma və qarət edərək istədikləri hər şeyi götürürdülər... İran ordusu -- azadlıq ordusu -- [əslində] vəhşi bir işğal ordusuydu. O, xalq üzərində zalımca bir iz buraxdı. Kəndlilərin məhsulu yandırıldı, qadınlar və qızlarına təcavüz edildi. Evlər talan edildi, mal-qara oğurlandı. Ordu nəzarətdən çıxmışdı. Onun missiyası azad etmək imiş, ancaq o, qeyri-hərbi insanları ovladı, arxada ölüm və yıxıntı buraxdı,” deyə o illərdə Azərbaycana səfər etmiş ABŞ Ali Məhkəməsinin hakimi William O. Douglas Qəribə torpaqlar və mehriban xalq adlı kitabında İran ordusunun Azərbaycan şəhərlərinə hücumunu təsvir edib.