“Əgər həqiqi incəsənətlə məşğul olursansa, yalan danışmaq çox çətindir,” deyə rok musiqiçisi Camal Əli Amerikanın Səsinə müsahibədə Azərbaycanda incəsənətin hazırkı durumunu və həyatdakı öz seçimlərini şərh edir.
Bir balaca sərgi keçirməlisənsə, hansısa dövlət qurmundan icazə almalısan.
Sabiq siyasi məhbus və hazırda Avropada mühacirətdə yaşayan musiqiçinin sözlərinə görə, incəsənət xadimi dövlətin basqısına məruz qalmadan belə öz yaradıcılığında unikal məzmun yaratmaq, auditoriyanı genişləndirmək baxımından ciddi sınaqlarla üzləşir. Ancaq bunun üstünə dövlətin incəsənətə tətbiq etdiyi süni məhdudiyyətləri gəldikdə yaradcılığın mahiyyəti təhrif olunmağa başlayır.
“Bir balaca sərgi keçirməlisənsə, hansısa dövlət qurmundan icazə almalısan,” deyə Camal Əli hökumətin yaradıcılığa sərt nəzarətindən nümunə gətirir. “Artıq incəsənət xadimi olmursan, keçib olursan büroktariyanın içində bir şrup.”
Azərbaycandakı mövcud məhdudiyyətləri Sovet İttifaqı dönəmindəki senzura ilə müqayisə edən rok ustası burada söhbətin daha çox maddi senzuradan getdiyini önə çəkir.
“Azərbaycanda bu dəqiqə maddi senzura yaranıb - əgər sən bizim istədiymiz şeylə məşğul olursansa, biz sənə nəsə verəcəyik. Əgər hansısa artıq-əksik şeylərlə məşğul olursansa, onda yolunu kəsəcəyik.”
Azərbaycanda bu dəqiqə madi senzura yaranıb - əgər sən bizim istədiymiz şeylə məşğul olursansa, biz sənə nəsə verəcəyik.
Digər tərəfdən, o yerdə ki, azadlıq yoxdur, musiqiçi dəyərli nəsə yaratmağın çətin olduğunu deyir.
Yaxın keçmişlə müqayisədə yaradcılıq sahəsində yaşanan durğunluğu təhlil edərkən Camal Əli çox sayda yaradıcı gəncin artıq ölkəni tərk etdiyini deyir. “İnsanların çoxu köçüb gedirlər ölkədən,” deyə rok ustası son illərdə ölkədən beyin axınını, incəsənət xadimi axınını diqqət çəkir.
Mövcud durumda fəaliyyətlərini davam etdirmək istəyənlərsə çox vaxt özlərinə süni sərhəd qoymaq məcburiyyətində qalırlar. Belə ki, dövlət xoşuna gəlmədiyi, yaxud maraqlarına zidd hesab etdiyi sənət əsərlərinin ərsəyə gəlməsinə ciddi əngəllər törədir.