Müxalifət İctimai Televiziyaya etiraz edir (VİDEO/FOTOLAR)

AXCP sədri polisin çox sərt davrandığını bildirir. İctimai televiziyanın rəhbəri isə qanunun hər hansı maddəsinin pozulmadığını deyir.


Müxalifət qüvvələrinin birləşdiyi İctimai Palata İctimai televiziyanın qarşısında piket keçirməyə cəhd edib. İctimai Palata bu televiziyanın müxalifətə efir vaxtı verməməsinə, siyasi plüralizmi pozmasına və Avropa Yayım Birliyinin qaydalarına riayət etməməsinə etiraz edir.

Polis piket başlamamışdan öncə Müsavat və Xalq Cəbhəsi Partiyalarının rəhbərlərinin müavinlərini və bir çox fəalları saxlayıb. Bununla yanaşı, 20 Yanvar və İnşaatçılar metro stansiyasından İctimai televiziyayadək yollar hüquq mühafizə orqanlarının nəzarətində olub. Müxalifətçilər görünən kimi saxlanıb.

Bu zaman, etirazçılar başqa taktikadan istifadə edib. Onlar 2-3 nəfərlik qrup şəklində marşrut avtobusları vasitəsi ilə İctimai televiziyanın qarşısına gəlib və yaxın dayanacaqda avtobusdan düşüb, polis çatanadək ani andan istifadə edərək kiçik vərəqlərdə vicdan məhbuslarının şəkillərini qaldırıb, “Azadlıq”, “Siyasi məhbuslara azadlıq!” kimi şüarlar səsləndirə bilib. Bu etirazçılarla polis daha sərt davranıb və onları zorla avtomobillərə mindirərək İctimai televiziyanın qarşısından uzaqlaşdırıb.

Aksiya bir saatadək davam etdirilib.

AXCP sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, hazırki anadək 42 nəfərin polis tərəfindən saxlandığı təsdiqlənib. “Səhər saatlarında Müsavat və AXCP sədrlərinin müavinləri həbs edilib. Polis aksiya zamanı daha qəddar davranıb. Amma, bu İctimai Palatanın sıravi aksiyalarından biri idi”.

AXCP sədrinin fikrincə, polisin sərt davranışının İctimai Palatanın İctimai televiziyanın hökumətin televiziyası olduğu barədə dedikləri ilə üst-üstə düşdüyünü bir daha təsdiq edir. “Biz İctimai televiziyaya hücum çəkməmişdik. Sadəcə etirazımızı bildirirdik. Polisin İctimai televiziyanı belə cəhdlə qoruması onun hökumətin mövqeyini dəstəkləməsinin bir sübutudur”.

Ə.Kərimli İctimai Palatanın etiraz aksiyalarını bundan sonra da davam etdirəcəyini bildirib. “Bizim çox tələblərimiz var. Amma, ilkin tələbimiz siyasi məhbusların azadlığıdır” , - deyə o qeyd edib.

İctimai televiziyanın rəhbəri İsmayıl Ömərov bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti “İctimai teleradio yayımı haqqında” qanunun hər hansı bir maddəsini pozmayıb. “Əgər, qanunun tələbləri pozulubsa, bununla bağlı iradlarını bildirə bilərlər. Belə bir hal olmayıb. Bu çox yaxşıdır ki, hamı ictimai televiziya haqqında fikir söyləyir və onu özününkü bilir. Digər tərəfdən, bəzi müxalifət qüvvələri televiziya haqqında fərqli fikir söyləyir. Görünür, onlar qanunu dərindən öyrənməyib. İctimai televiziya hər hansı siyasi qüvvənin əlində vasitə ola bilməz, o cümlədən də müxalifətin”, - deyə o qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA Agentliyinə bildirib ki, İctimai Palatanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin binası qarşısında keçirdiyi razılaşdırılmamış etiraz aksiyasında polis tərəfindən saxlanılanlar sərbəst buraxılıb.
Onun sözlərinə görə, bu gün Bakıda icazəsiz aksiya keçirməyə cəhd edən bir qrup şəxs polis tərəfindən saxlanılıb. “Onlardan 8 nəfəri İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq cərimələnib və sərbəst buraxılıb”.
“Nida” Vətəndaş Hərəkatının üzvü, jurnalist Anar Gəraylı isə dünən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.