Cənub Qaz Dəhlizinin təməli qoyulub [Video]

Your browser doesn’t support HTML5

Kəmərin tikintisi 2019-cu ildə başa çatacaq. 2018-ci ildə Türkiyəyə, 2019-cu ildə Avropaya qaz nəql ediləcək

Sentyabrın 20-də Bakıda Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə, oradan isə Avropaya qaz nəqlini təmin edəcək Cənubi qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib.

Söhbət Azərbaycandan Gürcüstana mövcud Bakı-Tbilisi-Ərzurum boru kəmərinə paralel tikiləcək yeni qaz kəmərindən gedir. Gürcüstan ərazisində (Qardabani) yeni boru kəməri nasos stansiyasına birləşdiriləcək və artıq mövcud olan qaz infrastrukturu ilə qaz Türkiyəyə gedəcək. Gələcək qaz kəməri – TANAP (Transanadolu) böyük həcmli qazı Bolqarıstana və oradan Yunanıstan və Albaniya vasitəsilə İtaliyaya çatdıracaq (TAP – Transadriatik boru kəməri).

10-dan çox ölkənin hökumət və dövlət nümayəndə heyətlərinin iştirakı ilə təntənəli tədbiri açan dövlət başçısı İlham Əliyev deyib ki, bu gün bir çox ölkələrin və bütövlükdə regionun taleyinə ciddi təsir göstərəcək növbəti energetika meqalayihəsinin təməli qoyulur.

Bu qaz kəməri Avropanın enerji təhlükəsizliyinin daha bir amilinə çevriləcək, keçdiyi ölkələrin iqtisadiyyatına və rifahına müsbət təsir göstərəcək.

Bu zaman Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu artacaq. “Azərbaycanda sübut edilmiş təbii qaz ehtiyatları 2,5 trln. kubmetr, proqnozlaşdırılan qaz ehtiyatı isə 4-5 trln. kubmetr təşkil edir”, deyə prezident bildirib.

Bolqarıstan prezidenti Rosen Plevneliev qeyd edib ki, Şərqi Avropa ölkələrinin yanacaqla təmin edilməsi məsələsi “zəif nöqtə” olaraq qalmaqdadır. Ukraynada davam edən böhran region ölkələrinin nə dərəcədə asılı olduğunu göstərdi.

“Bolqarıstan 2019-cu ildə Cənubi Qaz dəhlizi vasitəsilə 1 mlrd. kubmetr qaz almağı planlaşdırır ki, bu da ölkənin iqtisadiyyatına və ümumi inkişafına təkan verəcək. Eyni zamanda, Bolqarıstan qaz kəməri qovşağı nöqtəsinə çevriləcək”, deyən prezident əlavə edib ki, Sofiya qaz infrastrukturunun daha da genişləndirilməsinin və qlobal Nabucco layihəsinin reallaşmasının tərəfdarıdır.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili qeyd edib ki, onun ölkəsi regional enerji layihələrində fəal iştirak edir və onları dəstəkləyir. Cənubi qaz dəhlizi ölkənin enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək və tranzit ölkə kimi Gürcüstanın rolunu artıracaq. Tbilisi həm də türkmən və qazax qazının Avropa bazarlarına nəqlinə imkan verəcək Transxəzər qaz kəmərinin həyata keçirilməsinin tərəfdarıdır.

Yunanıstanın baş naziri Antonis Samaras deyib ki, TAP qaz kəmərinin 543 km-i onun ölkəsindən keçəcək və bu kəmərlə qaz digər ölkələrə nəql ediləcək. Eyni zamanda, Yunanıstan ildə maye qaz həcmini 275 min. tona çatdıracaq.

Daha sonra çıxış edən Monteneqro, Türkiyə, Norveç, Albaniya, İtaliya, Böyük Britaniya və ABŞ nümayəndələri Avropanın vahid enerji sisteminin elementinə çevriləcək bu layihənin tarixi əhəmiyyətini vurğulayıblar.

Britaniyanın BP şirkətinin rəhbəri Robert Dadli qeyd edib ki, son 20 ildə “Əsrin kontrakt”ı çərçivəsində 2,5 milyard barel neft hasil edilib, 30 milyard dollar həçmində sərmayə qoyulub. BP və tərəfdaşları həmçinin Azərbaycanın sosial, ekoloji, mədəni və idman fəaliyyətlərinə 60 milyon dollar töhfə verib.

“Biz London 2012-ci oyunlarında Azərbaycanın rəsmi tərəfdaşı olduq və Birinci Avropa Oyunlarında da rəsmi tərəfdaş kimi iştirak etməyi səbirsizliklə gözləyirik”, Dadli bildirib.

O deyib ki, Cənubi qaz dəhlizinin ümumi uzunluğu 3600 km-dir. “On illərlə davam edəcək 45 milyon dəyərində olan layihə milyonlarla istehlakçıya xidmət göstərəcək, on minlərlə iş yeri açılacaq”.

BP şirkəti bunda iştirak etməsindən və şirkətin 2048-ci ilə qədər davam edəcək mövcud müqavilələr çərçivəsində Azərbaycanla əməkdaşlığından qürur duyur.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib ki, “Şahdəniz” yatağından qaz yeni boru ilə 2018-ci ildə Türkiyəyə, 2019-cu ildə isə Avropaya gələcək və biz 2020-ci ildə Bakıda futbol üzrə Avropa çempionatını qəbul edəcəyik” .

Onun sözlərinə görə, bu qaz infrastrukturu layihələri çərçivəsində investisiyaların ümumi həcmi 45 mlrd. dollar təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan Avropaya ildə 16 mlrd. kubmetr qaz nəql etməyi və bu həcmi 20 mlrd. kubmetrə çatdırmağı planlaşdırır.