Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə hüquq müdafiəçisi Leyla Yunusun həbsdə işgəncələrə məruz qalması ilə bağlı məqalə təqdim edib.
Məqaləni diqqətinizə çatdırırıq:
Saxta ittihamla həbsə atılmış Sülh və Demokratiya İnstitutunun rəhbəri, insan hüquqları uğrunda ardıcıl mübariz, tanınmış hüquq müdafiəçisi Leyla xanım Yunusun həbs yerində mütəmadi olaraq təhqir edilməsi və işgəncələrə məruz qalması barədə məlumatlar insanı heyrətə salır. Doğrudanmı hüquqi dövlət qurmağa iddialı olan, humanist məzmuna malik olimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşan, Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən, hazırkı anda BMT Təhlükəsizlik Şurasının üzvü olan bir ölkədə bu rüsvayçılıq, bu orta əsr cəza üsulları baş verir?
Biz tarixdən oxumuşuq ki, Stalin diktaturası dövründə “xalq düşmənləri” ilə cəzaçəkmə yerlərində belə rəftar ediblər. Amma həmin rejim bu rəftarı “qanuniləşdirmişdi”, yəni işgəncə verilməsi, məhbusların döyülməsi, onların təhqir edilməsi üçün yanlarına adam salınması kimi hallardan istifadə edilməsi “Xalq” daxili işlər orqanlarının təlimatlarında, əmr və sərəncamlarında yer almışdı.
Qanunsuz hökmlər oxuyan hakimlər özləri məhkum oldular. Onların ayrı bir hissəsini isə tale özü cəzalandırdı.
Yeri gəlmişkən, Stalin rejiminin cinayətləri ifşa olunanda məhbuslara işgəncə verən müstəntiqlərin, həbsxana nəzarətçilərinin, daxili işlər və təhlükəsizlik orqanlarının sağ qalan əməkdaşları ağır cəzalara məruz qaldılar. Qanunsuz hökmlər oxuyan hakimlər özləri məhkum oldular. Onların ayrı bir hissəsini isə tale özü cəzalandırdı. Cinayət və cəzanın pozulmuş balansı azacıq da olsa, yerini tapdı.
Allah qarşısında bəndəlik hissini də büsbütün unudublar.
Təhsilsiz və savadsız insanların, tarixdən dərs almağı bacarmayan təsadüfi adamların hakimiyyətləşməsi ölkələrə faciələr gətirir. İndi biz o faciənin içindəyik. Leyla Yunusun qançır olmuş ayaqlarından zövq alan hakimiyyət yetkililəri görünür, insanlıq borcu ilə yanaşı, qanun qarşısında cavabdehlik, Allah qarşısında bəndəlik hissini də büsbütün unudublar.
Bəyəm “məhkəmə” Leyla Yunusun müvəqqəti saxlanması haqqında hökm çıxaranda onun mütləq Nuriyə Hüseynova ilə bir kamerada saxlanmasına qərar vermişdi?
Bir qadın üzərində gücünüzü sınamaqla siz nə etmək istəyirsiniz? Axı diktənizlə qəbul olunmuş qanunlar hələ “cinayəti” sübut olunmamış, ilk dəfə müvəqqəti saxlama yerinə düşən bir insanın, bundan əvvəl məhbəs həyatını yaşamış “təcrübəli” bir məhbusla eyni kamerada saxlanmasını qadağan edir. Bəyəm “məhkəmə” Leyla Yunusun müvəqqəti saxlanması haqqında hökm çıxaranda onun mütləq Nuriyə Hüseynova ilə bir kamerada saxlanmasına qərar vermişdi? Leyla olmasın, bir başqası olsun, əgər kamerada bir Azərbaycan vətəndaşını, bir Azərbaycan qadınını, bir Azərbaycan anasını döyürlərsə, təhqir edirlərsə, ləyaqətini alçaldırlarsa, hanı iddia etdiyiniz hüquqi dövlətin “humanist” prinsipləri, hanı sizin tez-tez mentalitetə istinad etdiyiniz ənənələrə sayğınız, hanı sizin “anaların ayaqları altından keçib cənnətə iməkləyən” iman yolçuluğunuz?
Leylanı döyüb bədənini qançır edən axşam yəqin ki, qadınınızın, qızınızın könlünü almaq, şıltaqlığını ram etmək üçün dünyanın ən bahalı onlayn bazarlığını çeşidli bank kartları ilə edib analoqsuz inkişafın sərməstliyində xamuş olursunuz. Bir vaxtlar Məhəmməd Rza şah və rəiyyəti də eyni yolu tutmuşdu.
Deyəsən, ən elementar insani dəyərləri belə unutmusunuz. Leylanı döyüb bədənini qançır edən axşam yəqin ki, qadınınızın, qızınızın könlünü almaq, şıltaqlığını ram etmək üçün dünyanın ən bahalı onlayn bazarlığını çeşidli bank kartları ilə edib analoqsuz inkişafın sərməstliyində xamuş olursunuz. Bir vaxtlar Məhəmməd Rza şah və rəiyyəti də eyni yolu tutmuşdu. Şahənşah ədalətsizliyə, israfçılığa yol verdiyinə, neft pullarını dəbdəbəli tədbirlərə xərcləyib dağıtdığına görə islamı kəsim tərəfindən tənqid olunanda, İran mətbuatına müsahibə və açıqlama verməyi özünə həqarət bilən şah baş nazir Əmir Abbas Hüveydaya təlimat vermişdi ki, mətbuata çıxıb “pulumuz var və istədiyimiz kimi xərcləyirik, kim görmək istəmirsə, gözlərini bağlasın” fikrini səsləndirsin. Bu sözlərdən üçcə ay sonra İran xalqının gözü elə açıldı ki, təyyarədə can verən Məhəmməd Rzanın gözlərini bağlamağa bir kimsə tapılmadı. Görən niyə zamanın yeni diktatorları İranın “modernist tiranının” zəfər və faciə üzərində ləngər vuran bu acı taleyini belə tez unudurlar? Amma ədalət naminə deməliyik ki, şah bütün hallarda ölkəsinin zərif cinsinə münasibətdə kübarlığı saxlamışdı. Heç Fərəh xanım da ona belə davranışı rəva görmürdü.
Tarixə bu acı səyahət Leylanın qançır olmuş ayaqlarından başladı.
Tarixə bu acı səyahət Leylanın qançır olmuş ayaqlarından başladı. Dünya bu xanımın dərdini çəkir, Azərbaycan xanımını, Azərbaycan qadınını, Azərbaycan anasını Azərbaycan hakimiyyətinin zülmündən, istibdadından, idbarlığından qurtarmaq istəyir. İyirmi ildir ərazisi işğal altında olan bir ölkənin hakimiyyəti vətənə xəyanəti ürəyi də çəkisi böyda olan yosma bir qadının nəcib əməllərində axtarır. Nə korrupsiya yada düşür, nə ölkəni xərcəng kimi bürümüş rüşvətxorluq, nə də xəstəsinə qonşu ölkələrdə imdad diləyən yüz minlərlə yurddaş.
Heç kəs anlamaq istəmir ki, ərazisi işğal olunmuş bir məmləkətdə vətənə xəyanət onun hakim zümrəsinin korrupsiyaya qurşanması, həmin zavallı vətənin işğal olunmayan torpaqlarını qarış-qarış mənimsəməsi, bu torpaqların altında və üstündə olan sərvətləri özününküləşdirməsidir.
Heç kəs anlamaq istəmir ki, ərazisi işğal olunmuş bir məmləkətdə vətənə xəyanət onun hakim zümrəsinin korrupsiyaya qurşanması, həmin zavallı vətənin işğal olunmayan torpaqlarını qarış-qarış mənimsəməsi, bu torpaqların altında və üstündə olan sərvətləri özününküləşdirməsidir. Bir tərəfdə sərvətkeş hakim zümrənin dəbdəbədən çox harınlığı xatırladan həyat tərzi, o biri tərəfdə Leyla Yunusun qançır olmuş bədəni. Budur Azərbaycan gerçəkliyinin acı mənzərəsi və görünür, bu qütblərin arasındakı uçurumun dərinliyinə görə ölkəmiz analoqsuz bir “inkişaf yolu” fəth etmişdir. Bu inkişafın baş memarı cənab İlham Əliyev, onun simvolu isə Leyla Yunusun müvəqqəti saxlama kamerasında döyülməkdən qançır olmuş ağappaq ayaqlarıdır.
Öz növbəsində hakim rejim ölkədə insan hüquq və azadlıqlarına hörmət edildiyini bildirir. Ölkə rəhbəri Azərbaycanda siyasi məhbus olmadığını və insanların baxışlarına görə həbs edilmədiyini dəfələrlə bəyan edib.
Penitensiar Xidmət isə həbs yerlərində insan hüquqlarına əməl edildiyini, saxlanan insanların təzyiq və işgəncələrə məruz qalmadığını bildirir.