Cəmil Həsənli: Rəzil olmaq Dubayda övladına xalqın pulu ilə 75 milyon dollarlıq villalar almaqdır

Milli Şuranın sədri prezident İlham Əliyevin çıxışına münasibət bildirdi
“İlham Əliyev rusdilli olduğu üçün görünür rəzalət sözünün mənasını o qədər də yaxşı bilmir. Millətin gözündə rəzil olmaq sərgərdan bir xalqdan mənimsənilmiş vəsait hesabına Dubayda azyaşlı övladına 75 milyon dollarlıq villalar almaqdır," deyə Milli Şuranın sədri Cəmil Həsənli prezident İlham Əliyevin müxalifətin ünvanına səsləndirdiyi bəyanata cavab verib. Müxalifət liderinin sözlərinə görə dövlət başçısı korrupsiya yolu ilə xalqdan mənimsənilmiş pullar hesabına özünə və ailəsinə dəbdəbəli həyat qurub.

Prezident İlham Əliyev fevralın 5-də regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı müxalifətin ünvanına bir sıra ittihamlar səsləndirib.

Son prezident seçkisinin müxalifətin sonu olduğunu deyən İ.Əliyev demokratik düşərgəni xarici qüvvələrə işləməkdə ittiham edib:

“Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi”.

İ.Əliyevin səsləndirdiyi fikirlərlə bağlı Milli Şuranın sədri Cəmil Həsənlinin münasibətini öyrəndik.

C.Həsənli dedi ki, İlham Əliyev dəfələrlə müxalifətin sonunun anonsunu verib. Lakin bunlardan heç biri düz çıxmayıb.

“İndi isə onun özünün sonu yaxınlaşır. Ötən dekabrdan başlayaraq 30-35 gün ərzində onun rəhbərlik etdiyi ölkədə 26 vətəndaş özünü yandırmağa cəhd edib və 6-sı ölümlə nəticələnib. O, ədalətsizliklə üzləşən vətəndaşlarımızın özünə od vurub yandırmasına münasibət bildirsəydi daha yaxşı olardı”.

Həsənli bildirib ki, müharibə qazisinin özünü yandırdığı bir məmləkətin başçısının yekə-yekə danışmağa haqqı yoxdur.

“O rəzalətin nədən ibarət olduğu Virjin adalarında aşkarlanan sərvətlərdən bəlli oldu. Ən böyük rəzalət özünü xalqın “prezidenti” hesab edən bir şəxsin ölkənin gəlirli sahələrini (məsələn, Çovdar qızıl mədənlərini, telefon kompaniyalarını, nəqliyyat, bank və sair sahələri) öz yaxın adamlarının adlarına keçirməsidir. Ən böyük rəzalət ölkə qanunverici orqanında deputat mandatlarının pulla satılmasıdır ki, iki ilə yaxındır bütün dünya İlham Əliyev hakimiyyətinin bu rəzaləti haqqında danışır, ən mötəbər hesabatlarda bu barədə yazılır”.

Milli Şuranın sədri bildirib ki, 2013-cü ilin prezident seçkilərinə gəldikdə, həmin seçkilərdə rəzil olan müxalifət yox, İlham Əliyevin bilavasitə özü idi.

“Seçki sənədlərində gəlirləri və mülkiyyəti haqqında bəyannaməni Azərbaycan xalqından gizli saxlayan müxalifət yox, bilavasitə İlham Əliyev idi. Ən böyük rəzalət Azərbaycandakı seçkilərin seçki günündən bir gün əvvəl aşkarlanması və dünyanın satirik proqramlarının gündəminə düşməsi, ölkənin beynəlxalq aləmdə rüsvay edilməsi idi. Bütün bu rüsvayçılıqlardan sonra ayrı yerlərdə rəzalət axtarmağın özü rəzillikdir. Ölkəni aşağılayıb onun xalqından və beynəlxalq ictimaiyyətdən gizlin tələm-tələsik ailə inauqurasiyası keçirmək idi rəzalət. Ötən prezident seçkilərində İlham Əliyevin xalq arasında heç bir dəstəyinin olmadığını bütün millət, bütün dünya gördü. 2013-cü il seçkiləri İlham Əliyevin seçki saxtakarlığının rəzalət zirvəsi idi. Son prezident seçkiləri bir daha göstərdi ki, İlham Əliyevin Azərbaycan xalqı arasında heç bir dayağı yoxdur. O, hakimiyyəti mənimsəyib və zorakı üsullarla, ölkədə polis rejimi yaratmaqla onu əlində saxlamaq istəyir”.

Həsənli iddia edir ki, Azərbaycan xalqı İlham Əliyevə səs verməyib.

“O, xalqın səsi ilə deyil, nəzarətində olan Mərkəzi Seçki Komissiyasının (MSK) arayışı ilə “prezident” olub. Elan olunan 85 faiz Azərbaycan xalqının səsi deyil, MSK-nın saxta rəqəmləri idi. Əgər İlham Əliyev bunu Azərbaycan xalqının ona etimadı kimi qəbul edirsə, deməli onun bu ölkədən xəbəri yoxdur. İlham Əliyev bu yol ilə hakimiyyəti bilavasitə mənimsəyib”.

O bildirib ki, Azərbaycanda 9 oktyabr prezident seçkilərini müşahidə etməyə rəsmi mandatı olan yeganə təşkilat ATƏT-in Varşava Bürosu idi.

“Həmin büro özünün ilkin və yekun rəyində 9 oktyabr seçkilərində saxtakarlığın səviyyəsinin 58 faiz olduğunu təsbit etdi. Qalan müşahidəçilərinin böyük əksəriyyəti “kürü diplomatiyasının” fəal diplomatları, Əliyev rejiminin muzdlu lobbi qruplarının əl-altıları idilər. Rəsmi mandatı olan nüfuzlu bir qurumun 58 faiz saxta çıxartdığı bir seçkini xalqın dəstəyi kimi təfsir etmək “analoqsuz rəzalətin” yeni azərbaycansayağı təzahürüdür. Avropa məkanına daxil olan hansı normal ölkədə belə bir rəy elan olunsaydı, həmin gün seçkilərin nəticələri ləğv edilər və yeni prezident seçkiləri təyin edilərdi. C.Həsənli əlavə etdi ki, İlham Əliyevin qeyd edilən çıxışı onun əsəblərinin yerində olmamasının göstəricisidir”.

Həsənli xatırladıb ki, dünən Misirdə, Liviyada, Tunisdə, bu gün Suriyada və Ukraynada cərəyan edənlər diktator rejimlərinin əsəblərini korlamışdır.

“Biz ölkəmizin Şimali Koreya müstəbidliyinə istiqamətlənməsinə yol verə bilmərik. Azərbaycan Avropa Birliyi ilə assosiativ sazişə getməlidir və gedəcək, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü olmalıdır və olacaq. Nə İlham Əliyev, nə də bir başqası ölkəmizi bu ümumdünya prosesindən kənarda saxlaya bilməz”, Milli Şuranın sədri prezident Əliyevə cavab verib.