Müdafiə naziri cəbhə bölgəsində döyüş hazırlığını yoxlayır

Cəbhə bölgəsi

Noyabrın 25-də Azərbaycan müdafiə naziri Zakir Həsənov vəSilahlı Qüvvələrin baş qərargah rəisi Nəcməddin Sadıkov döyüş hazırlığının yoxlanılması məqsədilə cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə
cəbhənin ön xəttində yerləşən ümumqoşun və artilleriya təlim mərkəzində olan müdafiə naziri taktiki məşqləri və kəşfiyyat bölmələrinin hazırlığını yoxlayıb.

Cəbhə bölgəsi

Raket və artilleriya qoşunlarının hərbi hissəsində olan nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığı, hərbi texnikanın döyüş imkanları, qərargahlar tərəfindən tapşırıqların icrası, həmçinin hərbi hissələrin idarəetmə fəaliyyəti və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb.

Döyüşə hazırlıq səviyyəsini yoxlamaq məqsədilə həyəcan siqnalı ilə qaldırılan raket və artilleriya birləşmələri müdafiə naziri tərəfindən göstərilən tapşırıqların yerinə yetirilməsi məqsədilə real döyüş səraitinə uyğun olaraq atışlar icra edib.

Cəbhə bölgəsi

Müxtəlif artilleriya vasitələrindən döyüş tətbiqi icra olunub, həmçinin yeni alınan minaatan və ağır od atan sistemlərdən, hazır olan və əvvəlcədən hazır olmayan mövqelərdən döyüş atışları həyata keçirilib.

Mətbuat xidməti bildirir ki, müdafiə nazirliyinin rəhbərliyi tərəfindən cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrin döyüş fəaliyyətlərinin inspeksiya yoxlanılması davam edir.