Azərbaycandakı iranlı qaçqın və mühacirlərin vəziyyəti

  • Insafəli Hidayət

Azərbaycandakı iranlı qaçqın və mühacirlərin vəziyyəti

Rəhim Cavadbəyli: Azərbaycan tərəfi bizi siyasi mühacir kimi qəbul edib, qaçqın sənədi verib. Əslində isə bizim bir çox hüquqlarımız nəzərə alınmır. Məsələn, biz Azərbaycan sərhədlərindən kənara çıxa bilmərik. Pasport ala bilmirik. Öz adımıza mülkiyyət sahibi ola bilmərik. Mənzil hüququmuz təmin edilmir. Doğru- düzgün işlə də təmin edilə bilmirik. Sosial təminat hüququndan da istifadə edə bilmirik. 20 il öncə Güney Azərbaycandan gəlib, Azərbaycanda yaşayan bəzi siyasi mühacirlərin heç pasportu yoxdur.

İran Azərbaycanlı siyasi fəal Rəhim Cavadbəyli ilə İnsafəli Hidayətin müsahibəsi:

Uzun illərdir Azərbaycan Respublikasında yaşayan İran Azərbaycanlı siyasi mühacir Rəhim Cavadbəyli onun vəziyyətindəki İranlıların çoxlu səbəblərə görə Azərbaycan Respublikasında qalmaq istəmədiklərini BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının xətti ilə üçüncü ölkələrə getməyə çalışdıqlarını deyir. O bunun ən mühüm səbəbləri arasında İrandan gələ biləcək hədələr qarşısında siyasi qaçqın kimi təhlükəsizliklərinin təmin olunmadığını özlərinə ölkədə yaşamaq üçün vəsiqə verilsə belə hüquqlarının çox məhdud olduğunu, mülk sahibi olmaq və başqa hüquqlardan məhrum olmalarını göstərir. Cənab Cavadbeyli bu məhdudiyyətlərə baxmayaraq onların başqa ölkəyə getmələrinə də imkan verilmədiyindən narazıdır. O bunu da qeyd edir ki, Azərbaycanın özünün milyona yaxın qaçqını olan bir zamanda İranlı qaçqınlara şərait yaratması çətindir. Aşağıda cənab Cavadbəyli ilə müsahibəni dinləyə bilərsiniz.

Sual: Siz bir müddətdir Azərbaycanda qaçqın kimi yaşayırsınız. Deyə bilərmisinizmi indi sizin qaçqınlıq vəziyyətiniz nə yerdədir?

Cavab: Mən Rəhim Cavadbəyli 2003-cü il sentyabrın 17-də Azərbaycana gəlmişəm. 2004-cü ilin əvvəllərində də Azərbaycanda siyasi mühacir kimi BMT-yə müraciət etmişəm. Buradan bizi Azərbaycan Miqrasiya İdarəsinə yollayıblar. Azərbaycan tərəfi də bizi qaçqın kimi tanıyıb, bizə qaçqın sənədi vermək istəyib. Mən bir il yarımdır bu sənədi təhlükəsizliyim təmin edilmədiyinə görə qəbul etmədim.

Sual:Siz niyə Azərbaycan dövlətinin əmniyyətindən narazısınız? Əmniyyətinizin təmin edilməməsini nəyə əsaslanaraq deyirsiniz?

Cavab: Demək olar ki, Azərbaycanla İran arasında çox yaxın siyasi, mədəni qonşuluq münasibətlər var. Bizsə siyasi mühacirik. Biz adi bir miqrant deyilik. Yəqin başa düşə bilirsiniz biz hansı məsələlərlə üzləşə bilərik. Azərbaycanda yaşadığım ev yandırıldı. Mənsə 3 ay xəstəxanada qaldım. Yanğın zamanı 80 faiz görmə qabiliyyətimi itirdim. Bununla bağlı da bütün sənədlərimiz var. Ümumilikdə isə olduqca böyük problemlərimiz var.

Sual: Sizin nə kimi problemləriniz var?

Cavab:Sizə deməliyəm ki, Azərbaycan tərəfi bizi siyasi mühacir kimi qəbul edib, qaçqın sənədi verib. Əslində isə bizim bir çox hüquqlarımız nəzərə alınmır, kobud şəkildə pozulur. Məsələn, biz Azərbaycan sərhədlərindən kənara çıxa bilmərik. Rəsmi və qanuni nikaha girə bilmirik. Pasport ala bilmirik. Öz adımıza mülkiyyət sahibi ola bilmərik. Mənzil hüququmuz təmin edilmir. Doğru- düzgün işlə də təmin edilə bilmirik. Sosial təminat hüququndan da istifadə edə bilmirik. 20 il öncə Güney Azərbaycandan gəlib, Azərbaycanda yaşayan bəzi siyasi mühacirlərin heç pasportu yoxdur. Diqqət edin, 20 il siyasi mühacir kimi yaşayırlar, amma heç bir sənədləri yoxdur. Belə mühacirlər öz övladlarına sənəd ala bilmirlər. Üçüncü ölkəyə gedə bilmirlər.

Sual: Sizin kimi təxminən neçə adam İrandan Azərbaycana gəlib?

Cavab: İki ay bundan öncə biz qarşılaşdığımız problemləri müzakirə etdik. Buna qədər biz toplaşa bilmirdik. Bundan sonra biz BMT-nin nəzdində İranlı mühacirlərin icmasını yaratdıq. Və bu icmanın nümayəndəsi kimi mən UNHCR-ın Bakı ofisinin rəhbəri ilə Azərbaycandakı problemlərimizi üç saata yaxın müzakirə etdik və xahiş etdik ki, bizim üçüncü ölkəyə getməyimizə yardım göstərsinlər. Amma hələ də bu işdə müsbət addım atılmayıb.

Sual:Siz iranlılar təxminən neçə nəfərsiniz Azərbaycanda?

Cavabzərbaycan tərəfindən bizim iranlıların 40 nəfərinə sənəd verilib. Amma Azərbaycanda olan İran qaçqınlarını hesablasaq 100 nəfərə yaxın olarıq.

Sual: İndi siz nə etmək fikrindəsiniz?

Cavab: Azərbaycan tərəfində bizim problemlər həll edilmədiyindən bizim burada qalmağımız mümkün deyil. Biz üçüncü ölkəyə getməliyik. Azərbaycan tərəfin BMT-nin 1951-ci il konvensiyasına əsaslanaraq bizə bir sənəd verib. Amma o sənədin hüquqi qüvvəsi demək olar ki, yoxdur. Bizi Azərbaycan tərəfinə BMT yollayıb. Mən isə BMT-nin himayəsi altında qalmaq istəyirəm. Azərbaycanla İranın sıx münasibətləri var. Biz qurbanlıq deyilik.

Xatırladaq ki, Azərbaycanın İmmiqrassiya Xidməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı şöbəsinin rəsmiləri Amerikanın səsinin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq bu müsahibədə deyilənlər haqqında şərh verməkdən və ümumiyyətlə bizimlə məsələ haqqında danışmaqdan imtina etdilər. Ona görə də biz burda onların mövqei və ya cavablarına yer verə bilmirik..