İki il Türkiyədə qalan Əlirza Əhrabi çox bu ölkədə böyük problemlərlə üzləşdiyini deyib. “İki böyük problem UNHCR(BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı) ilə Türkiyə dövləti arasında qaçqınlar barədə bir əməkdaşlıq mexanizminin olmaması onların bir- birlərinin sənədlərini və qərarlarını tanımamasıdır. Onlar arasında lazımı bir əlaqə, əməkdaşlıq yoxdur. Misal üçün Türkiyə dövləti deyir ki, bu ölkədə olan hər bir xarici ölkə vətəndaşı əvvəlcə Türkiyənin müvafiq idarələrinə müraciət etməli, sonra UNHCR-a getməlidir. UNHCR isə deyir ki, belə adamlar əvvəlcə bu təşkilata, sonra Türkiyənin əlaqədar idarələrinə müraciət etməlidir. Ayrıca xarici ölkə vətəndaşları siyasi sığınacaq hüququ əldə etmək məqsədilə Türkiyə hökumətinin və BMT-nin müəyyən etdikləri, bir-birindən olduqca fərqli şərtləri yerinə yetirməli, sənədləri təqdim etməlidirlər və onların müraciəti iki tərəfdən də qəbul olunmalıdır. Misal üçün siyasi sığınacaq hüququ barədə müraciətini UNHCR-ın qəbul etdiyi bir şəxsin bu müraciətini Türkiyə dövləti rədd edə bilər”.
Əlirza Əhrabi deyib ki, “Bir siyasi və ya ictimai qaçqının əlində onun şəxsiyyətini müyyən edən və üzərində şəkli olan vəsiqə var. O bu sənədlə nə etməli, haraya müraciət etməlidir? Orada heç bir təşkilat və ya qurum yoxdur ki, belə bir adama yol göstərsin, kömək etsin.” Cənab Əhrabi qeyd edib ki, Türkiyədə qaçqınların ancaq 5-10 faizi qaçqın düşərqələrinə yerləşdirilir. Qalanlarının isə getməyə, sığınmağa yeri yoxdur. Başqa bir problem isə bundan ibarətdir ki, Türkiyədəki hər bir qaçqın və sığınanın bu ölkədə qaldığı müddətdə Türkiyə Polisinin Xaricilər (yabancılar) şöbəsinə bu ölkədə yaşamağın qarşılığında hər altı aydan bir 250 ilə 350 türk lirəsi arasında rüsum ödəməlidir. O, bunu da nəzərə çatdırır ki, bir qaçqının, xüsusilə sığınanın Türkiyədə işləməsi qeyri-mümkündür. Buna görə də belə adamların həmişə Polisin Xaricilər Şöbəsinə borcu olur.
Təkin Maharlı isə ümumi olaraq Əlirza Əhrabinin dedikləri ilə razılaşmaqla bərabər, başqa məsələlərə də diqqəti cəlb edib. O da Türkiyə dövləti ilə UNHCR arasında yaxşı bir əməkdaşlıq mexanizminin olmadığını deyir. Cənab Maharlı deyi ki, onlar qaçqın olduqlarına görə, Türkiyədə özlərini ikinci sinif vətəndaş kimi hiss edirlər. “Biz İranda məzlum millət kimi ikinci dərəcəli insanlar kimi görünürdük və elə Türkiyə də vəziyyətimiz belə idi. Biz o statusu təəssüflər olsun ki, Türkiyənin özündə də daşıdıq” - deyə o qeyd edib.
Cənab Maharlı milliyyətindən asılı olmayaraq qaçqınların dövlətin nəzərində ikinci sinif vətəndaş olduqlarını irəli sürür. O qanunda bununla bağlı bir müddəa olmasa da, başına gələn bir əhvalatı misal göstərərək deyir ki, o, vizası olmadığına görə tutulub və üç ay nəzarət altında saxlanıb, pasportunun müddəti bitdikdən sonra isə azadlığa buraxılıb. O, tutulan zaman Kanada hökumətinin və UNHCR-ın ona verdiyi sənədləri təqdim etsə də, Türkiyənin həmin sənədləri qəbul etmədiyini və onu həbs etdiyini deyib. O, həbsdən buraxılan zaman da hansı səbəblərə görə saxlandığına izahat verilmədiyini, tanıdığı ərəb və kürdlərdən də eyni və ya oxşar səbəblərlə tutulanlar olduğunu söyləyib. Təkin Maharlı BMT-nin onu qaçqın kimi tanımasına və Kanada dövlətinin ona sığınacaq verməsinə baxmayaraq, Türkiyənin onu turist kimi qəbul etdiyini və Kanadaya yola düşməzdən əvvəl ölkədə qanunsuz qaldığına görə yüksək məbləğdə cərimə ödəmək məcburiyyəti qarşısında qaldığını deyib.
Bunu da xatırladaq ki, Türkiyədə yaşamış bəzi qaçqınların təcrübəsi göstərib ki, bu ölkəyə gəlmiş iranlı və başqa qaçqınların heç olmasa bir hissəsi ölkədə yaşadıqlarına görə tələb olunan pulu ödəməmək üçün və ya həbs olunmaq ya da öz ölkələrinə göndərilməkdən çəkindiklərinə görə və bəzi hallarda ölkədə qeyri-qanuni olaraq işlədiklərinə görə rəsmi qeydiyyatdan keçməktən boyun qaçırdır və özlərinə imkan tanınsa da qaçqınlar üçün hazırlanmış düşərgələrdə yaşamaqdan imtina edirlər. Qeyd etmək lazımdır ki, bu düşərgələrdə qaçqınlar qalmaq üçün yer və yeməklə təmin olunsalarda onlara qarşı bəzi məhdudiyyətlər tətbiq edilir bir mənada nəzarət altında qalırlar. Misal üçün belə düşərgələrdə yaşayan qaçqınlar axşam müəyyən bir saatda artıq düşərgəyə qatımalıdırlar. Belə qaydalar isə bəzi qaçqınlar üçün müxtəlif səbəblərdən əlverişli olmur.