Cavad Heyətin Təbrizdə dəfn edilməsinə icazə verilməyib

Cavad Heyət

Məşhur alimin Təbrizin Şairlər Məqbərəsində dəfn edilməsini arzu etdiyi bildirilir

Tanınmış araşdırmaçı və "Varlıq" Dərgisinin yazarı Əlirza Sərrafi sosial şəbəkələrdə yaydığı müraciətdə avqustun 12-də Bakıda vəfat etmiş professor Cavad Heyətin Təbrizdə dəfn edilməsi üçün İran rəsmiləri ilə müzakirələrin uğursuz nəticələndiyini bildirib.

Müraciətdə yazılanlara görə, öncə başda prezident Həsən Ruhani olmaqla İran rəsmilərinin Cavad Heyətin Təbrizdə dəfn edilməsinə razı olduqları söylənib. Ancaq, daha sonra İranın Azərbaycandakı səfirliyi məşhur alimin Təbrizə köçürülməsinin mümkün olmadığını mərhumun ailəsinə bildirib.

Varlıq Dərgisinin Yazarları

Məşhur türkoloqun yaxınlarından Rza Heyət də daha öncə öz Facebook səhifəsində bu məsələ ilə bağlı məlumat yaymışdı. “Bütün çabalara baxmayaraq mərhum Cavad Heyətin Təbrizdə dəfn edilməsi mümkün olmayınca, Bakı Fəxri xiyabanda dəfn edilməsinə qərar verilib”, Rza Heyət bildirib.

Əlirza Sərrafi yaydığı müraciət ilə bərabər həmçinin "Varlıq" dərgisi yazarları imzası ilə İran rəsmilərinə yazılmış bir məktubu nəşr edib.

“Biz, bu məktubu imzalayanlar, Təbrizin Şairlər Məqbərəsində dəfn edilmək istədiyini dəfələrlə böyük ustaddan eşitdiyimizi bildirir, ölkə və vilayətin məsulları, eləcə də əlaqədar orqanların əməkdaşlığı ilə ustadın son arzusunun yerinə gətirilməsini gözləyirik”, deyə məktubda qeyd edilir.

Məktubu tanınmış yazarlar Əziz Möhsüni, Kərim Məşrutəçi, Həsən Məcidzadə, İbrahim Rəfrəf, Əlirza Sərrafi, İsmail Hadi, Eyvaz Taha, Hüseyn Məhəmmədxani, Məhəmməd Rza Heyət və Həsən Cəfərzadə imzalayıb.