Azərbaycanın tanınmış ziyalılarından Cavad Heyət avqustun 12-də saat 20-də Bakıda vəfat edib. Bu barədə Cavad Heyətin yaxın qohumu Zülfü Baxşəli Amerikanın Səsinə müsahibəsində bildirib.
Z.Baxşəli bildirib ki, bu gün ailəsi Cavad Heyətin vəsiyyətini açıqlayacaq. “Cavad bəy vəsiyyətində Bakıda və ya Təbrizdə dəfn olunmasını deyib. Dəfnin harada olacağı hələ tam aydınlaşmayıb. Bu gün Cavad bəyin ailəsi bu barədə qərar verəcək və dəfnin harada olacağını elan edəcək. Ailə dəfnlə bağlı millətin də rəyini nəzər alır. Ona görə tək qərara vermək istəmir”.
Onun sözlərinə görə, Azərbaycanda, Bakıda Cavad Heyətə çox böyük dəyər verirlər, hospitalda böyük xidmət göstərilib. “Bakıda dəfn üçün yer də hazırdır. Ancaq ailənin qərarı bu gün açıqlanacaq”.
Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. O cərrah-alimdir. İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirib, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvüdür. Tehranda Azərbaycan dilində şap edilən "Varlıq" dərgisinin təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifidir. Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktorudur.