Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva Amerikanın Səsi radiosuna müsahibəsində oğlunun həbsini sifariş adlandırıb, oğlunu müdafiə etdiklərinə görə diplomatik nümayəndəliklərə, beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarına, mediaya və Harvard universitetinin müəllim-tələbə heyətinə təşəkkür bildirib.
Xanım Mövlayeva yerli “Lider” televiziyasının Bəxtiyar Hacıyevinn əleyhinə verilişlər yaymasına etiraz edib. “İnsanı tənqid etmək olar, amma təhqirə yol verilməməlidir. Ayıbdır. Bəxtiyara qarşı veriliş hazırlayan jurnalist özünə və məktəbinə hörmət etməli, təhqiramiz ifadələrdən əl çəkməlidir.”
Bəxtiyar Hacıyev Harvard Universitetinin magistridir. O bu il martın 4-də həbs edilib, məhkəmənin hökmü ilə əsgəri xidmətə çağırışdan yayınma ittihamı ilə iki il azadlıdan məhrum edilib. Cənab Hacıyev 2010-cu ildə keçirilən parlament seçkilərində deputatlığa namizəd olub. Hakimiyyətin siyasətini kəskin tənqid edib, sosial şəbəkələrdə seçkilərin saxtalaşdırılması ilə bağlı video və fotolar yerləşdirib. Bundan sonra ona qarşı cinayət işi başlanıb. Bəxtiyar Hacıyev cinayət işinin siyasi sifariş olduğunu bildirib.
Beynəlxalq ictimaiyyət Bəxtiyar Hacıyevin həbsini pisləyib və iyunun əvvəllərində Amerika Dövlət katibi Hillari Klinton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə bu Bəxtiyar Hacıyevin həbsinə toxunub.
Son günlər Lider televiziyası Bəxtiyar Hacıyevin əleyhinə reportajlar efirə verir. “Bəxtiyar Hacıyev Azərbaycan gəncləri üçün nümunədir. Onu minlərlə gənc dəstəkləyir. Lider televiziyası cəmiyyətin qınağındadır, amma Bəxtiyar Hacıyev həbsxanada da hörmət qazanıb. Ailəmiz Lider televiziyasını yenə ictimai qınağın ümidinə buraxır”, - deyə xanım Mövlayeva qeyd edib.
Bəxtiyar Hacıyevin ailə üzvləri, qohumları və dostları onun apardığı mübarizəni dəstəkləyir. “Ailəmiz Bəxtiyar Hacıyevin demokratiya uğrunda mübarizəsini dəstəklədiyinə görə, Azərbaycan ictimaiyyətinə, beynəlxalq ictimaiyyətə, hüquq müdafiə təşkilatlarına, diplomatik nümayəndəliklərə və jurnalistlərə minnətdarlıq edir”, - deyə o bildirib.
Hazırda Bəxtiyar Hacıyevə dəstək kampaniyası davam edir. Müdafiə təşkilatı Bəxtiyar Hacıyevin apardığı işlərlə bağlı qapı-qapı məktub kampaniyasına başlayıb və bu işə Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi də dəstək verir.
Bəxtiyar Haciyevin anası iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvüdür. O bu gün sabiq prezident Heydər Əliyevin qəbri üstündə siyasi aksiya keçirib. Xanım Mövlayeva “Yeni Azərbaycan” Partiyasının üzvlük biletini nümayişkaranə şəkildə məzarın üstünə qoyub və bununla oğlunun həbsinə etirazını bildirib. O partiya biletini məzarın üstünə qoyduqda Fəxri Xiyabanın mühafizə xidmətinin əməkdaşları biletin partiyaya təqdim edilməli olduğunu deyib. “Mən partiya biletini Heydər Əliyevdən almışam, ona da təhvil verəcəyəm”, - deyə o bildirib. Bundan sonra o və digər qohumları, o cümlədən bir neçə jurnalist saxlanılıb və onlardan yazılı izahat vermələri tələb olunub.